“Bizim üçün əsas işğalçı dövlət olan Ermənistanın demokratik ola bilməməyini dünyaya yenidən sübut etməkdir”
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
“Necə ola bilər ki, keçmiş hakimiyyəti cinayətlərdə ittiham edən yeni iqtidar Şuşaya gələndə tam səhra komandiri kimi çıxış edir?”,-deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev də haqlı olaraq bəyan edir ki, bizim on illərlə yüksək kürsülərdən, o cümlədən, BMT tribunasından söylədiklərimizi indi erməni xalqı meydanlarda dilə gətirir.
“Bəs onda belə ikiləşmənin səbəbi nədir? Hər halda bunu bir millətin natamamlıq kompleksi ilə izah etmək olmaz. Qanın burda nə günahı var? Yaxud, sülh platforması ilə çıxış etmək Paşinyanı öz tərəfdarları ilə üz-üzəmi qoyardı? Qətiyyən, yox! Əksinə, onun regional nüfuzu güclənə bilərdi və müharibə ritorikasını puça çıxarardı. Hamı beləsi ilə işləməyə can atar və investisiyalarını oraya yatırardılar.
Ona görə də Paşinyan işğalı tərənnüm edəndə “sarkisyanlaşır” və elan etdiyi müqəddəs idealları ləkələyir. Necə ola bilər ki, sən ədalətli məhkəmədən danışıb sonra Xankəndində neçə illərdi çürüyən iki azərbaycanlıya göz yumursan? Halbuki “sevgi inqilabı”nın liderləri Şahbaz və Dilqəmi həbsdən azad edərək, Azərbaycan qarşısında daha böyük diplomatik və siyasi üstünlük əldə edə bilərdilər.
Deməli, biz bir daha əmin oluruq ki, Qarabağ konflikti nə qədər qalırsa, Ermənistanın demokratikləşməsi və müstəqil dövlət olmaq perspektivi bir o qədər qeyri-mümkündür. Obrazlı deyimə çevirdikləri “demokratlar dalaşmırlar” ifadəsini siyasi kursunda nümayiş etdirməyən hakimiyyətin Koçaryan-Sarkisyan xuntasından heç bir fərqi yoxdur.
Belələrinin hansı libası geyinməsi podiuma tamaşa edənləri çaşdıra bilməz”, -deyə Z. Oruc sözlərinə əlavə edib.
Digər xəbərlər
loading...