Cəmiyyətin bu pulu gerçəkdən sayğaclara xərclədiyi şübhəlidir
Bu ulin iyul ayının 1-nə olan statistikaya görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ölkə üzrə su təchizatı xidməti göstərdiyi 1 378 147 əhali qrupu abunəçinin 844 467-si və ya 63,6%-i sayğacla təmin olunub. Qeyri-əhali qrupuna aid 57 168 abunəçinin isə 46 227-si və ya 80,9%-də sayğaclaşma aparılıb.
Bizimyol.info-nun araşdırmasına görə əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” ASC-yə 12 milyon manat ayrılıb. “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına is’ aprel ayından start verilib və “Azərsu” ASC əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib. Bu müsabiqədə 5 lot üzrə 50 000 Smart-kart tipli sayğacın quraşdırılması planlaşdırılırdı. Tenderin şərtlərinə görə, sayğacların Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılılması nəzərdə tutulurdu. Ümumilikdə sayğaclaşma işləri 36 052 həyət, 13 948 bina evi üzrə aparılacaqdı. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanıb. 01 aprel 2016-cı il tarixə olan məlumata görə “Azərsu” ASC tərəfindən 417 550 smart sayğac quraşdırılmışdı. Quraşdırılmış sayğacların 381 381 ədədi əhali, 36 169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşürdü. Buna qədər Bakı şəhəri və Abşeron yarımadasında 244 997, regionlarda isə 172 553 ədəd smart sayğac quraşdırılıb. Bütün bu işlər Prezidentin haqqında söhbət gedən Sərəncamına qədər həyata keçirilmişdi.
Prosesə start veriləndən indiyə qədər isə çox sayda sayğacın quraşdırıldığı statistik rəqəmlərdən də görünür. Elandan məlum olur ki, zərflər mayın 17-də açılıb. Təəssüf ki, dövlət qurumlarında keçirilən tenderlər jurnalistlərin üzünə qapalıdır. Yoxsa müsabiqənin nə qədər şəffaf olduğunu gözümüzlə görərdik. Yenə təəssüflər olsun ki, ASC-nin rəsmi saytında tenderin nəticələri yoxdur. Əks halda onu da bilərdik ki, müsabiqədə hansı şirkətlər iştirak edib, kimlər qalib olub, kimlər qazanmayıb. Bu da keçirilən müsabiqənin şəffaflığını şübhəyə alır. Zarafat deyil, söhbət 12 milyon manatlıq bir işdən gedir.
Nəticələri tender.gov.az saytında axtardıq. Əvvəla, satınalma planında “Azərsu” ASC-nin 15 sifarişi çıxsa da onların arasında sayğaclarla əlaqəli tender əksini tapmayıb. Müsabiqə reyestrlərində isə cəmi iki tender yer alıb. onlardan biri Azərsu ASC İstehsal-Texniki Komplektləşdirmə İdarəsi üzrə sayğac qutularının (dəyəri 37 996 manat), digəri isə su sayğacları üçün plombların satın alınması (qiyməti 34 113,8 manat) olub. Birincidə podratçı “Azərtexnolayn” MMC, ikinci müsabiqənin qalibi isə "Renas-İK" MMC-dir. Reyestr bu ilin yarımillik dövrünü əhatə etsə də ASC-nin keçirdiyi tenderin nəticələri hər iki qurumun saytında tapılmadı. Digər internet resurslarında da qaliblərin kimliyi barədə hər hansı məlumata rast gəlmədik. Ümumiyyətlə, reyestrdə “Azərsu” ilə bağlı cəmi 8 tender yer alıb, onların da dəyəri 40 mindən baha deyil. Yəni, 12 milyonun heç bir yerdə izi-tozu yoxdur. Bundan əvvəlki illərdə də cəmiyyətin sayğac aldığını göstərən tenderlər reyestrlərdə yer almayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...