Bu gün Qazaxıstanın paytaxtı Almatı şəhərində cüdo üzrə qran-priyə start verilib. "Milli Yol" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın beş cüdoçusu tatami üzərinə çıxıb.
Yeganə qadın idmançı Aişə Qurbanlı 48 kq çəkidə mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşdə İndoneziya təmsilçisi Terri Kusumaşardani Susantini məğlub edən Qurbanlı 1/8 finalda fransalı Laetitia Payetlə bacarmayıb.
60 kq çəkidə kişilərin yarışında Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Sadiq Məhərrəmov ilk görüşdəcə misirli Ahmed Abelrahmana uduzub.
Vüqar Şirinli isə ABŞ idmançısı Aron Kunihironu üstələsə də, qazaxıstanlı Kiliş Yerenkaiypovu yenə bilməyib.
66 kq-da çıxış edən Tərlan Kərimov 1/16 finalda məğlubiyyətlə üzləşib. O, qazaxıstanlı Azamat Mukanovu məğlub edə bilməyib.
İskəndər Talışınski isə 1/8 finalda yaponiyalı Yoşiro Maruyamadan güclü ola bilməyib.
Mayın 14-də 73 kq çəki dərəcəsində Vüqar Bayramovla Fəqan Quluzadə, 81 kq çəkidə isə Ceyhun Babakişiyev və Əbdülhəqq Rəsullu mübarizəyə qoşulacaq.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun federasiyaya prezidentliyi dövründə Azərbaycan cüdoçuna ciddi zərbə dəymişdi. Olimpiadalarda və bütün beynəlxalq yarışlarda medal ümidimiz olan bu idman növündə ciddi geriləmə olmuş, bunun nəticəsi olaraq Bakıda keçirilən Avropa oyunlarında cüdoçularımız fiasko ilə üzləşmişdi.
Aylarla maaş almayan, heç bir təlim-məşq toplanışına qatılmayan idmançılarımız hətta Bakıda etiraz aksiyası da keçirmişdi. Bundan sonra isə Fizuli Ələkbərov istefaya getmişdi. Gözləmək olardı ki, yeni rəhbərliyin dövründə cüdo sahəsində müəyyən irəliləyişlər olacaq. Federasiyanın bütün rəhbər postlarında, məşqçi heytində dəyişiklik olsa da, görünən odu ki, bütün dəyişikliklər formal xarakter daşıyır...
"Milli Yol"
Digər xəbərlər
loading...