“Naftalan şəhəri müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm”
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə deyib.
Dövlət başçısı xəstəxana ilə tanış olduğunu söyləyib: "Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur, ölkəmizin hər bir yerində belə gözəl xəstəxanalar tikilir. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcək”.
Prezident bildirib ki, xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür: “Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq. Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük”.
Dövlət başçısı nəzərə çatdırıb ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir: “Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə, imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb. Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...