Son illər Azərbaycanda mühüm və əlamətdar hadisələr öncəsi Azərbaycanda fövqəladə hadisələr baş verir, özü də təbii yox, texnogen xarakterli
Son günlər FHN zabiti polkovnik-leytenant Əbülfəz Kazımovun məlum və biabırçı kitabı haqqında müzakirələr əsas diqqət mərkəzindədir. Açığı elə ilk gündən bu kitab haqqında öz fikirlərimi paylaşmaq istəyirdim. Lakin vaxt darlığından bu rəzalət kitab haqqında “isti-isti” yaza bilmədim.
Tam səmimi deyirəm, mən belə bir kitabın ortaya çıxmasını təsadüfi saymıram. Üstəlik bu kitabın bir hərbiçi, özünün də dediyi kimi, “dindar, elm adamı, tarix elmləri namizədi” olan bir hərbçi tərəfindən yazılması məntiqə sığmır. Bu “dindar elm adamı” polkovnik-leytnantın özünü təmizə çıxarmaq üçün söylədikləri fikirlər isə yazdığı kitab qədər rəzalətdir. Yəni dindar və tarix elmləri namizədi olan bu polkovnik-leytnant hansı məntiqlə (ya da ağılla) sırf texniki sahə olan maşın mühərriklərinin yağlanması ilə bağlı kitab yazır və bu kitabda “Quran”dan sitat gətirərək maşın mühərrikinin yağlanma prossesini dul və bakirə qadınların intim dünyası ilə əlaqələndirir? Burda məntiq varmı?
Varsa da o məntiq təxribat xarakterlidir. 1. İslam dininə qarşı; 2. Çalışdığı Fövqəladə Hallar Naxirliyinə və bəlkə də Kəmaləddin Heydərova qarşı. Və bu, düşünülmüş təxribatdır.
Çünki bu adamın özünü təmizə çıxartmaq cəhdi belə məntiqsizdir. Adam deyir ki: “Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm”.
Bu nə sayıqlamadır? Allah eşqinə, texniki bir kitabda seksin nə işi var? Üstəlik, siz tarixçi ola-ola hansı biliyiniz sayəsində texniki kitab yazırsınız və bu kitabı oxunaqlı edə bilmək üçün sekslə süsləyirsiniz? Həm də bunu “Quran”a bağlayıb insanların dini etiqadlarını təhqir edirsiniz?
Əslində, bu cür bərbad və biabırçı kitab yazan FHN zabitinin özünə haqq qazandıran açıqlamasını mən başa düşürəm. Adam başqa nə deyə bilərdi ki?.. Adam durub deməyəcəkdi ki, mən cahiləm, buraxın cahilliyimi edim. Ya da deməyəcəkdi ki, mən öyrədilmişəm, kiminsə sifarişi ilə təxribatla məşğul oluram, imkan verin təxribatımı edim...
Mənim bildiyim qədər ilə Azərbaycanda yazılan elmi kitabların hər birinə elmi şura rəy verməli, ondan sonra o kitab çap olunmalıdır. Və bildiyim qədər, Fövqəladə Hallar Nazirliyində bütün elmi kitablar Nazirliyin Elmi Şurasının qərarı ilə çap olunur. Lakin bu kitab FHN rəhbərliyindən və Elmi Şurasından xəbərsiz çap olunub və bunu kitabın müəllifi də etiraf edir. Üstəlik, bu biabırçı kitab FHN hərbi hissələrində paylanılıb. İcazəsiz çap olunan kitabın hərbi hissədə satılması bütün hallarda təxribatdır və bunu yəqin ki, polkovnik-leytenant Əbülfəz Kazımov hamıdan yaxşı bilir.
Və burda bir haşiyə çıxıb bir ciddi məsələni də qeyd eləmək istəyirəm. Son illər Azərbaycanda mühüm və əlamətdar hadisələr öncəsi Azərbaycanda fövqəladə hadisələr baş verir, özü də təbii yox, texnogen xarakterli. Misal üçün, 19 may 2015-ci ilin mayında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16 mərtəbəli bunada baş vermiş yanğını xatırlayaq. 15 nəfərim ölümü , 64 nəfərin müxtəlif dərəcəli xəsarət alması ilə yadda qalmış böyük bir faciə. Bu faciə ölkəmizin ev sahibliyi etməyə hazırlaşdığı Birinci Avropa Oyunları ərəfəsində baş verdi.
Həmin ilin dekabrında Günəşli yatağında baş vermiş faciəni yada salaq. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində baş verdi.
Bu ilin martında Narkoloji Dispanserdə baş vermiş dəhşətli yanğın. Prezident seçkiləinin- hökumətin yenidən formalaşdırılması ərəfəsində baş verir. Özü də elə bir şəraitdəki yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə çatana qədər-qısa müddət ərzində yanğının miqyası genişlənir, xeyli insan və mal itkisi ilə nəticələnir.
Mən əminliklə bütün bunların təxribat olduğunu iddia etmirəm. Amma təsadüflər də çox üst-üstə düşəndə ortaya təbii suallar çıxır. Niyə ölkədə mühüm tədbirlərə hazırlıq dönəmində bir qayda olaraq fövqəladə hadisələr baş verir və FHN gündəmə gətirilir?
Onu da xatırlatmağa ehtiyac duyuram ki, Binəqədi faciəsinin qəsdən törədilməsi barədə məhkəmə istintaqı zamanı bəzi mülahizələr səsləndi və hətta Eldar Mahmudovun adı da epizodik də olsa keçdi.
Doğrudur, ehtimallarımızı məntiiqmizdən başqa təsdiqləyəcək sübutlar yoxdur. Zatən bunu araşdırmaq istəsək də imkan verməzlər. Ancaq məntiq deyilən bir şey var, bu qədər dəhşətli hadisələrin əlamətdər tədbirlər ərəfəsində baş verməsi də təsadüf sayıla bilməz. Təbii fəlakət deyil ki, təsadüf hesab edək.
Və istisna etmək olmaz ki, polkovnik-leytenant Əbülfəz Kazımovun heç bir məntiqi dəyərlərə sığmayan kitabı da fövqəlnaziri nüfuzdan salınmasına hesablanıb. Hər halda elə Əbülfəz Kazımovun işdən çıxmamaq üçün dirənməsində də bu görünür. Yəni elə ab-hava yaradılır ki, Kəmaləddin Heydərovun öz işçisini cəzalandırması sadəcə imitasiyadan ibarətdir...
Bəlkə də ictimaiyyət arasında “fövqəlnazir” ləqəbi ilə tanınan Kəmaləddin Heydərovun əlini qoyduğu istənilən sahədə əldə etdiyi nailiyyətlər və dövlət başçısı tərəfindən sonsuz etimad qazanması onu müxtəlif hakimiyyətdaxili çevrələrin hədəfinə çevirir…
Azər QARAMANLI
Digər xəbərlər
loading...