Nofəl Nəbiyev: “İmtahan prosesinin şəffaf və obyektiv təşkili üçün mühüm tədbirlər görülüb”
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) yaz imtahan sessiyasına start verilib. Bu barədə kollecin Tədris işləri üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Nofəl Nəbiyev mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsinin təmin etmək məqsədi ilə ilk öncə Azərbaycan Respublikası Təhsil Nazirinin 14.05.2018-ci il tarixli, F-354 saylı "İmtahan sessiyasının təşkili, keçirilməsi barədə” əmri kollecdə elan olunub. Onun sözlərinə görə, bu əmrin icrasını, o cümlədən 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasının təşkilində, keçirilməsində şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə imtahan və münaqişə komissiyası yaradılıb. Həmin komissiyaların normal iş rejimini təmin etmək üçün də bütün şərait yaradılıb.
N.Nəbiyev bildirib ki, imtahan sessiyası əyani şöbədə iyunun 1-dən iyul ayının 5-dək davam edəcək. Qiyabi şöbədə isə imtahan sessiyası iyunun 8-dən iyulun 7-ə qədər davam edəcək. Direktor müavini onu da əlavə edib ki, qanunvericiliyə uyğun olaraq, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 akademik saat müəyyənləşdirilib: "İmtahanlara buraxılan tələbələrin ümumi sayı 1067 nəfərdir. Qayıb limitinə görə imtahanlara buraxılmayan tələbələrin sayı 138 nəfərdir. İmtahan prosesinin şəffaf və obyektiv təşkili üçün bir sıra tədbirlər görülüb. Belə ki, imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi qorumaq məqsədilə imtahan qərargahı yaradılıb. İmtahanlara dair hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırmaq və yerində həll etmək üçün münaqişə komissiyası yaradılıb. İmtahanlara gəlincə, bu proses yazılı şəkildə 5 sualdan ibarət olmaqla təşkil olunub. Hər bir imtahanın nəticəsi yoxlandıqdan qısa müddət sonra kollecin Bitkol.edu.az saytındakı "Tələbələr” – "İmtahan nəticələri” bölməsində yerləşdirilir. Hər bir tələbə istədiyi vaxt sayta daxil olub onlayn formada öz imtahan nəticələri ilə tanış ola bilər”.
Münaqişə komissiyasının fəaliyyəti barədə ətraflı məlumat verən N.Nəbiyev vurğulayıb ki, sözügedən komissiya öz işini nizamnaməyə uyğun həyata keçirir: "Tələbənin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı yarana biləcək münaqişələrin aradan qaldırılması üçün kollecimizin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən imtahan sessiyasının sonuna kimi tərkibi 5 nəfərdən az olmamaq şərti ilə münaqişə - apellyasiya komissiyası yaradılır. Ehtiyac yarandığı halda Münaqişə Komissiyasına ilkin imtahanların nəticələrinə düzəliş etmək səlahiyyəti verilir. Münaqişə Komissiyasının sədrinə ayrı-ayrı fənlər üzrə mütəxəssisləri, ixtisasına uyğun olmaqla tələbənin yazı işini yoxlayan müəllimi öz işinə cəlb etmək səlahiyyəti verilir. Tələbə ona verilən qiymətlə razı olmadığı halda imtahan nəticələri elan edilən vaxtdan 2 iş günü müddətinə Münaqişə Komissiyasının sədrinin adına ərizə ilə yazılı müraciət edə bilər. Akademik borcu yaranan hər bir fəndən tələbə Münaqişə Komissiyasına ancaq bir dəfə müraciət edə bilər. İmtahanda 11 baldan az bal toplayan tələbəyə isə Münaqişə Komissiyasına müraciət etmək hüququ verilmir. Münaqişə Komissiyasına onlayn müraciət də mümkündür”.
Digər xəbərlər
loading...