“Azərbaycan-İran münasibətləri son illərdə inkişaf edir”
Bu sözləri Axar.az-a iqtisadçı alim, ekspert Vüqar Bayramov İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezinin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, iki ölkə arasında həm iqtisadi, həm siyasi münasibətlərin inkişafı müşahidə edilir:
“İran şirkətlərinin Azərbaycanda avtomobil, dərman zavodlarının qurulmasında iştirakı həmin layihələrin maliyyələşdirilməsində də özünü göstərir. Azərbaycan isə İrana ixrac imkanları baxımından bir bazar kimi baxır. Məhsullarımızın ixracı üçün İran geniş bazardır”.
Ekspert qeyd edib ki, hazırda İrana ABŞ tərəfindən genişləndirilmiş sanksiyalar tətbiq edilir:
“Amma nəzərə almaq lazımdır ki, Avropa Birliyi ölkələri bu sanksiyalara qoşulmayıb. AB praktik olar İranla nüvə razılaşmasının davam etdirilməsində maraqlıdır”.
Ekspert vurğulayıb ki, ABŞ Azərbaycan üçün strateji müttəfiqdir:
“Xüsusilə Cənub Qaz Dəhlizi ilə bağlı ABŞ-ın ölkəmizə dəstəyi bir daha təsdiq edir ki, ABŞ da Azərbaycanı strateji müttəfiq gözündə görür və bu müttəfiqliyin inkişafında maraqlıdır. Amma İran bizə qonşu ölkədir, Azərbaycan üçün İranla əməkdaşlıq imkanları daha genişdir. ABŞ-ın İrana qarşı bütün istiqamətlərdə deyil, bir neçə istiqamətdə sanksiyaları genişləndirməsi nəzərdə tutulur. Bu baxımdan güman edirəm ki, İranla Azərbaycanın əməkdaşlığı genişləndirməsi və davam etdirməsi imkanları var”.
Ekspertin sözlərinə görə, AB-nin yeni sanksiyalara qoşulmaması ABŞ-la AB arasında bu məsələlərdə fikir ayrılığı yaratdı:
“Buna görə də İranla münasibətlərin davam etdirilməsi üçün bir zəmin formalaşdı. Digər tərəfdən, Azərbaycan İranla daha çox ABŞ-ın sanksiyaları nəzərdə tutulmayan istiqamətdə, qeyri-neft sektoru üzrə əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Amma Azərbaycanın iqtisadi imkanları sanksiyaların tətbiq edildiyi sahələr üzrə də İranla əməkdaşlığa imkan verir. Əgər AB sanksiyalara qoşulmursa, İranla münasibətləri davam etdirirsə, o halda Azərbaycan-İran arasında əməkdaşlığın davam etdirilməsində qəti problem olmayacaq”.
Qeyd edək ki, İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərə gəlib.
Digər xəbərlər
loading...