Bu gün Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Vaqif Səmədoğlunun doğum günüdür
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirib. 1963–1971-ci illərdə Konservatoriyda müəllim işləyib. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenarist, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evli idi, 3 övladı var.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib, Birinci Fəxri xiyabanda dəfn olunub.
Modern.az saytı Xalq şairinin doğum günü münasibətilə onun həyat yoldaşı Nüşabə Vəkilova ilə həmsöhbət olub.
Nüşabə xanım deyir ki, Vaqif Səmədoğlu təmtəraqlı adam deyildi və təmtərağı da sevməzdi:
“Buna görə də o, doğum günlərini ailəsi ilə birlikdə, sakit keçirirdi. Bilirsiniz, Vaqifin boşluğunu doldurmaq çox çətindir. Səməd Vurğunun ev-muzeyi ilə başımı qatmağa çalışıram. Yəqin ki, muzey olmasaydı vəziyyət daha çətin olardı. Vaqifin yazıları, qoyduqları ilə məşğul olmaqla yerini doldurmağa çalışıram”.
Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yoxluğunu hər gün, hər saat hiss etdiyini deyir:
“İnanın, bu belədir... .İnsanı necə unutmaq olar? Vaqif bu saat bu evdədi, öz kabinetindədi, əşyalarındadı, muzeydədi, büstündədi – hər şeydə Vaqif var. Mən həyat yoldaşımdı deyə demirəm, Vaqif necə ki, yaradıcılığında qeyri-adi idi, eləcə də bütün yaradılışı başdan-ayağa qeyri-adi olub. Bu adamla darıxmaq olmurdu.
Birdən elə söz deyirdi, elə atmacalar atırdı ki... Onun hər sözündə atmaca var idi. İnsanın ovqatını tamam dəyişirdi. Vaqifi heç kəslə müqayisə etmək olmaz. O, tamamilə başqa adam idi”.
Digər xəbərlər
loading...