Fransanın “Peugeot” avtomobil markası ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ilə əlaqədar olaraq bu ölkədəki əməliyyatlarını dayandırdığını elan edib
Virtualaz.org xəbər verir ki, “Peugeot” və “Citroen” markalarının istehsalçısı olan PSA Group şirkəti İran bazarını tərk edəcəyini, bu ölkədə əməliyyatlarını genişləndirmək planlarını dayandırdığını bildirib.
Şirkətdən yayılan açıqlamaya əsasən “Pegeout” İranın “İran Khodro Co.” və “Saipa” şirkətləri ilə birgə müəssisələrini bağlayacaq. Şirkətin baş direktoru Karlos Tavares bildirib ki, konsern İrandakı əməliyyatlarını dayandırmaqdan ciddi ziyan çəkməyəcək. Çünki İranda konsernin məhsullarının 1 faizdən də az hissəsi satılır.
Lakin İranın avtomobil sənayesinə ciddi zərbə dəyməsi qaçılmaz olacaq. Çünki İranda avtomobil satışlarının 30 faizdən çoxu “Pegeout” markasının payına düşür. Ötən il İranda bu markadan 440 min avtomobil satılıb.
“PSA Group” qeyd edib ki, beynəlxalq maliyyə institutlarının İranla işləməkdən imtina etməsinə görə bu ölkədə biznes “ağlasığmaz çətinliklərlə” qarşılaşır. Donald Trampın İrana qarşı sanksiyaları bərpa etməsi isə bu ölkədə işləməyi ümumiyyətlə mümkünsüz edib.
İranın “İran Khodro” şirkəti əsasən lisenziya əsasında “Pegeout” markalı avtomobillər istehsal edir. Bu şirkət ilin əvvəllərində Azərbaycanın “AzerMash” şirkəti ilə birlikdə Neftçalada avtomobil zavodu açıb. Zavodda İrandan gətirilən hissələrdən “Xəzər” adı altında avtomobillər yığılır. İndi Fransa şirkətinin İranda əməliyyatlarını dayandırması ilə əlaqədar bu zavodun fəaliyyətində də çətinliklər yaranacağı istisna deyil. (virtualaz.org)
Digər xəbərlər
loading...