Ötən gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirən qurumun prezidenti Rövnəq Abdullayev bir sıra məsələlərlə bağlı danışıb. AFFA başqanının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri "Neftçi" ilə bağlı suallara verdiyi cavablardı.
Mətləbə keçməzdən əvvəl məlumat üçün xatırladaq ki, Rövnəq Abdullayevin prezidenti olduğu SOCAR "Neftçi" rəhbərliyinə bir həftə vaxt verib. Şirkət sponsorluq etdiyi klubdan uğursuzluğun səbəbləri və səbəbkarlarını tapıb elan etməyi tələb edir. Müşahidə Şurasının ötən həftənin sonunda baş tutan iclasında bu məsələlər müzakirə olunub və yekun qərar bu həftə keçiriləcək iclasa saxlanılıb.
Dünən bununla bağlı geniş yazı dərc etmiş və "Neftçi"də baş verənlərlə bağlı ətraflı məlumat vermişdik. Məlumatda bildirilirdi ki, SOCAR bu dəfə daha qərarlıdı və ayrılan böyük pullar, edilən bahalı transferlər qarşılığında klubun uğursuzluq zolağından çıxmamasına səbəb olan səbəbkarların tapılmasını tələb edir. Nəticə isə budu: "Neftçi"nin Müşahidə Şurası həftənin sonunadək iclas keçirib, "günah keçisi"ni elan etməlidi.
Qayıdaq Rövnəq Abdullayevin müsahibəsinə. AFFA başqanı ötən gün keçirdiyi brifinqdə əslində "Neftçi"nin uğursuzluğuna görə məsuliyyət daşıyan birinci şəxsin kimliyinə işarə vurub. Necə? Beləliklə...
"Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstərir ki, bu qurumu yaratmayan klublar irəli gedirlər. Məsələn, "Qarabağ" və "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər?" sualını cavablandıran Rövnəq Abdullayev açıq şəkildə vurğulayır ki, "Neftçi"nin düşdüyü vəziyyətin günahkarı Müşahidə Şurası deyil, komandanın uğursuz çıxış etməsinin günahkarı bu quruluş ola bilməz.
SİTAT: "Yox, biz belə bir şey düşünmürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu ayrı şeydir, o ayrı şey. Bunu bir-biri ilə qarışdırmayın".
Bəlkə baş məşqçi Vəli Qasımovdu günahkar? AFFA və SOCAR prezdenti bu variantı da istisna edir, hətta Vəli Qasımovun müdafiəsinə qalxır, baş məşqçiyə şans verməyin tərəfdarı olduğunu vurğulayır.
SİTAT: "Heç vaxt baş məşqçini bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zaman baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlara dedim ki, Qurban iki yüz oyun da uduzsa, biz onu istefaya göndərməyəcəyik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da "istefa" qışqırmağı tərgitdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir".
NƏTİCƏ: AFFA prezidenti nə Müşahidə Şurasının, nə də baş məşqçinin günahkar olmadığını açıq-aşkar elan edir. Amma "Neftçi" çətin durumdadı və vəziyyətin bu yerə gəlib çıxmasının bir günahkarı var. Bəs kimdi o, günahkar? Rövnəq Abdullayev birinci tərəfin (Müşahidə Şurasının) və üçüncü tərəfin (baş məşqçinin) günahkar olmadığını bildirməklə bu iki tərəfin ortasında qalan icraçını - yəni klubda əsas söz sahibi olan icraçı direktor Elnur Məmmədova işarə vurur...
Bir sözlə, görünən kəndə bələdçi gərəkməz! (Fanat.Az)
MilliYol.Az
Digər xəbərlər
loading...