Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb
Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Səbinə Hüseynovanın apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Səbinə Hüseynova İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Amma Səbinə Hüseynova məhkəmə proseslərinə gəlməyib və ötən il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi və barəsində axtarış elan edilməsi barədə qərar çıxarıb.
Röya Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Bakı İstintaq Təcridxanasına köçürülüb.
Səbinə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, Səbinə Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl Səbinə Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub.
Daha sonra isə Səbinə Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün Röya Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıb.
Digər xəbərlər
loading...