Elçibəy yazı müsabiqəsi
Mən onu ilk dəfə 1988-ci ilin Meydan mitinqlərində görmüşəm. O zaman uşaq ağlı ilə ona heyrətlə baxırdım. Gözünün dərinliklərindəki kədəri, hər zaman harasa uzaqlara baxmasını, tribunadan çıxışlarını dərk etmirdim. Mən bilmirdim ki, onun gözünün dərinliklərindəki kədər əslində Vətən həsrətidir, o taylı-bu taylı Vətən həsrəti. Mən bunu illər sonra dərk etdim.
Mən onu ikinci dəfə də Meydan mitinqində gördüm. Tribunanın kənarına çəkilib siqaret çəkirdi. Siqaretin külünü isə kibrit qutusu və ya siqaret qutusuna tökürdü. O vaxt anlamamışdım. Amma indi anlayıram ki, Bəy əslində Vətən torpağını külləmək istəmirdi.
Mən onu sonralar çox gördüm, televizorda, çıxışlarda, prezident seçilib and içəndə, bayrağı öpəndə. Amma hər dəfə də gözünün dərinliyindəki o kədəri sezirdim. Amma bunu illər sonra anlayacaqdım.
Uşaq idim, anlamırdım, onun yaxın çevrəsi Əbülfəz Əliyevi “Bəy” adlandırırdı. Mənim isə uşaq təfəkkürümdə bəy varlı, sürüləri, mülkləri, nökərləri olan adam kimi canlanırdı. Mən sonralar, Bəyin həyatı haqqında oxuyanda, əsl bəy sözünün kimə deyildiyini anlayanda bildim ki, əsl Bəy imiş.
İlk dəfə onunla bağlı qızının dialoqunu oxuyanda kövrəlmişdim: “Qızım, maaşımı alım, sənə ayaqqabı alaram”. Bu cümlə məni sarsıtmışdı, həqiqətən necə böyük insan olduğunu bir şillə kimi başa salmışdı.
İkinci şilləni isə sürücüsünün xatirəsini oxuyanda yemişdim. Artıq sosial şəbəkə, internet dövrü idi. Bəy haqqında oxuduqca şillələrin sayı artır, bu insana vurğunluğum daha da böyüyürdü.
Uzun zamanın söhbətidir, “Youtube” portalında “Bəy havası” video çarxı qarşıma çıxdı. Yaxşı kadrlar yığılmışdı, kövrəldim. Təkrar-təkrar baxdım.
Mən onu son dəfə xəstə olanda görmüşdüm. Televizor ekranında, müsahibə alırdılar. Yenə də gözünün dərinliyindəki o kədər. Amma kədər artmışdı, ruhunu bürümüşdü, bunu artıq sezirdim.
2000-ci ilin 22 avqustunda mən Bəylə vidalaşmağa getmədim. İstəmədim. Gedə bilmədim. Çünki istəmirdim ki, onun cənazəsini görüm. İstəmirdim. Cənazəni görmək bir insanın ölümünü qəbul etməkdir. Amma mənim xəyalımda Bəy hər zaman o Meydanda siqaret çəkib külünü yerə tökməyən ziyalı, Türkiyədə bayraqlarla və izdihamlarla qarşılanan dövlət başçısı, qızına maaşda ayaqqabı almağa söz verən prezident, şəhid anasını qucaqlayan dövlət başçısı kimi qalacaq. Hə, bir də Bəy kimi, toyda bəy havasına qolunu qaldırıb oynayan bəy kimi.
Bəs kədər? O taylı-bu taylı vətən kədəri indi öz gözümüzə keçib…
P.S. Mən bu yazını başqa cür də yaza bilərdim, uzun-uzadı yazardım. Amma Bəyin ruhuna uyğun qısa, lakonik, sadə və “bəy tərifi”ndən uzaq, əsl Bəyə layiq yazdım…
Hikmət Həsənov
(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir) (xural.com)
Digər xəbərlər
loading...