İtaliyanın Milli Gününün 72-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
Tədbirdə xarici diplomatik nümayəndəliklər, Azərbaycan hökumətinin rəsmi nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən İtaliya səfiri Auqusto Massari bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini xatırladıb və qeyd edib ki, hər iki ölkənin milli günlərinin tarix baxımından bir-birinə yaxın olması ölkələrimiz arasında olan dostluğun simvolik nümunəsidir.
Səfir deyib ki, ölkələr arasında olan yüksək səviyyəli ikitərəfli siyasi əlaqələr də yaxınlıq və dostluğun göstəricisidir: "Ticari baxımından İtaliya uzun illərdir Azərbaycanın birinci tərəfdaşıdır. 2018-ci ilin ilk beş ayının göstəricisi bunu təsdiq edir. Mən və İtaliya xalqı Azərbaycanda İtaliya mədəniyyəti, kinosu, dili, memarlığına sevginin hər gün şahidi oluruq. Ölkələr arasında gediş-gəliş 2017-ci ildə ciddi şəkildə artıb, 2018-ci ilin ilk beş ayında da artım müşahidə edilib. İtaliyada təhsil alan azərbaycanlı tələbələrin sayı digər Avropa ölkələrindən daha yüksəkdir. Öz növbəsində, İtaliya Azərbaycanda dini, mədəni etnik qrupların birgə yaşayışına heyrətlə baxır. Bu gün burada İtaliya xarici işlər və Beynəlxalq əməkdaşlıq nazirliyindən aldığımız AXC-yə dair o dövrlərdəki yazışmalar, sənədlər nümayiş olunacaq. Bu, yalnız keçmişdə qalan dostluq deyil, gələcəyə sərmayə qoyan dostluqdur".
Səfir əlavə edib ki, İtaliya və Azərbaycan arasında mövcud olan bir əsrlik dostluq daha da möhkəmləndirilməlidir: "İtaliya enerji təhlükəsizliyi, terror, radikalizm və ekstremizmlə mübarizədə Azərbaycanı özünə etibarlı tərəfdaş hesab edir. Dostluğumuzun möhkəmliyi Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın mövqeyində də öz əksini tapır. ATƏT-in Minsk qrupu vasitəçiliyi ilə münaqişənin həlli yolu tapılmasını arzu edirik".
MilliYol.Az
Digər xəbərlər
loading...