Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Oğuz Rayon İcra Hakimiyyətində geniş tərkibli görüş təşkil edilib
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ETSN-in səlahiyyətli şəxsləri, rayon icra hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.
Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub.
ETSN-in səlahiyyətli şəxsləri və rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən meşələrin mühafizə olunmasının vacibliyi xüsusi olaraq vurğulanıb, hərtərəfli nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.
Qeyd olunur ki, ETSN-ə müxtəlif bölgələrdən meşələrdə qanunsuz qırıntı halları barədə daxil olan müraciət və şikayətlər operativ olaraq yerində araşdırılır, inzibati və hüquqi tədbirlər görülür: “Lakin nazirlik meşələrdə qanunsuz qırıntıların qarşısının tam şəkildə alınması üçün yerlərdə icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə, hərtərəfli nəzarət mexanizmlərinin yaradılmasına ehtiyac olduğunu nəzərə alaraq bölgələrdə bu formatda görüşlərin davamlı olaraq keçirilməsini zəruri hesab edir. Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması, meşə brokonyerlərinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə belə görüşlərin təşkili mütəmadi davam etdiriləcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...