Hesablama Paltasının son illər apardığı yoxlamalarda ən çox korrupsiya faktları aşkarlanan nazirliklərdən biri Gənclər və İdman Nazirliyidir. Azad Rəhimovun rəhbərlik etdiyi nazirlikdə aparılan auditlər nəticəsində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı az qala hər il müxtəlif nöqsanlar aşkarlanır.
Məsələn, adıçəkilən Palatanın 2014-cü ildə yaydığı hesabatda qeyd olunurdu ki, Gənclər və İdman Nazirliyinə həvalə edilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası zamanı isə 1,2 milyon manat vəsait mənimsənilib. Təəccüblüdür ki, həmin vaxt bu qədər mənimsəmə faktına görə isə şöbə müdirlərinə xəbərdarlıq edilməsi yetərli sayılıb.
Ən təəccüblüsü isə odur ki, o zaman Azad Rəhimov Hesablama Palatasının üzə çıxardığı maliyyə nöqsanlarını korrupsiyua faktı kimi tanımaqdan imtina etnmişdi. Sitat: “Yoxlama nəticəsində nazirlikdə korrupsiya faktı aşkarlanmayıb: "Xoşbulaq deyilən ərazidə Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdu. Xoşbulaq rayon mərkəzindən 20 km-ə qədər uzaq məsafədə yerləşir. Uzun məsafə olduğuna görə gənclərin orada məşq etməsi çətin idi və ona görə də orada Prezidentin təklifi ilə Gənclər Mərkəzi tikildi. Artıq həmin mərkəz hazırdır və istifadəyə verilir. Yəni burada korrupsiya faktı yoxdur".
Hesablama Palatasının ötən il Gənclər və İdman Nazirliyində apardığı yoxlamalar da çoxsaylı maliyyə pozuntularının ifşası ilə “əlamətdar” olub. Belə ki, Palatanın audit sübutları nəticəsində Rəhimovun nazirliyi tərəfindən müxtəlif podratçı təşkilatara dörd obyekt üzrə artıq vəsait ödənildiyi, iki obyekt üzrə əlavə xərclərə yol verildiyi, hal-hazırda istifadə olunan 8 obyektin müvafiq qaydada istismara qəbulunun təmin edilmədiyi müəyyən olunub.
Hesablama Palatasının 2015-ci il üzrə hesabatına görə, nazirlikdəki yoxlamalar zamanı xərclər smetasının tərtibi və icrası zamanı bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı müəyyən olunub.
Eyni zamanda nazirlik tərəfindən respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı bəzi nöqsanlara yol verildiyi aşkarlanıb. Satınalma prosesində əsassız debitor borcların yaranması halları aşkar edilib, əmək haqqı, ezamiyyə, nəqliyyat vasitələrinin saxlanması xərlcərinin icrası, həmçinin social sığorta haqlarının hesablanması ilə bağlı normativ hüquqi aktların bəzi tələblərinə riayət edilməməsi səbəbindən vəsaitin artıq icra edildiyi müəyyən olunub, material ehtiyatlarının uçotu aparılmayıb.
Qeyd edək ki, dünyanın normal ölkələrində bir nazirlikdə bu cür ciddi maliyyə pozuntuları, korrupsiya faktları aşkarlandığı təqdirdə həmin nazirliyin rəhbərliyi istər hüquqi, istərsə də ictimai qınaq baxımından istefaya gedərdi. Bizdə isə nəinki belə bir addımdan danışmaq mümkün deyil, əksinə, rəsmi şəkildə ortaya qoyulan büdcə talançılığı halları “korrupsiya faktı” kimi qəbul edilir, kiçik vəzifəli şəxslər, heç bir həlledici səlahiyyəti olmayan çinovniklər barədə inzibati cəza tədbirləri (töhmət, şiddətli töhmət, ən yaxşı halda vəzifədən uzaqlaşdırma) görülməklə iş bitmiş sayılır.
Nəticədə hər il bənzər mənzərə yaşanır: mənimsəmələr, yeyintilər ən müxtəlif formalarda və məbləğlərdə davam etdirilir.
Lap Azad Rəhimovun nazirliyində olduğu kimi! (qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...