Prezident Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret fikri varsa, bu, böyük sürpriz və irəliyə doğru atılmış böyük addım olardı
Amma indi bu, çətindir, çünki Ermənistanın baş naziri Nikol Paşinyan hələ hökumətini formalaşdırmaqdadır.
Bunu “Report”a Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
O, D.Trampın münaqişənin həlli ilə bağlı konkret fikrinin olmasına şübhə etdiyini, eyni zamanda, Vaşinqtonda bu məsələ ilə bağlı bürokratik fəallıq müşahidə olunmadığını bildirib: "ABŞ-ın hazırda bu bölgə üçün ayıracaq vaxtı yoxdur".
Ermənistanda hakimiyyət dəyişikliyini, Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşünü şərh edən M.Brayza qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan hələ hakimiyyətini möhkəmləndirir: "ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə belə görüşlərin keçirilməsi yaxşı olar. Əliyev ilə Paşinyanın etimad səviyyəsini qiymətləndirmək məqsədi ilə görüşməsi ilk addım ola bilər. Serj Sarkisyanın dövründə, bu, yox idi. Mən həmsədr olan zaman İlham Əliyev yaxşı təkliflər olduğunu hesab edirdi, lakin o, Sarkisyanın Ermənistan cəmiyyətində belə razılaşmaları sonuna qədər yerinə yetirəcəyinə şübhə edirdi. Paşinyanın güclü lider olacağına, Prezident Əliyevlə ümumi dil tapacağına və danışıqlarda irəliləyişə nail olunacağına ümid edirəm."
Ekspertin fikrincə, Ermənistanda baş verən son olaylara baxmayaraq, Rusiya bu ölkədə hökmranlığını davam etdirəcək: "Rusiya bu ölkədə bütün təsir vasitələrinə malikdir. Müvəqqəti baş nazir "Qazprom"un Ermənistandakı sabiq rəisi idi. Bu, çox şeydən xəbər verir. Amma Paşinyan artıq Ermənistanın bu yoldan dönməyəcəyini bildirib".
MilliYol.Az
Digər xəbərlər
loading...