“2017-ci il büdcəsi neftdən ən az asılı olan büdcədir. Həmçinin 2017-ci il büdcəsi 2010-cu ildən bəri Dövlət Neft Fondundan ən az transfert olunan büdcədir”
Bunu Milli Məclisdəki müzakirələrdə deputat Əli Məsimli söylədi. Ardınca əlavə etdi ki, təkcə 2017-ci ildə yox, ondan əvvəl də, sonra da qeyri-neft sektorundan əldə edilən vəsaitlər cari xərclərdən az olub: “Büdcəyə parlament nəzarətinin artırılması istiqamətində addımların atılmasını zəruri hesab edirik. Görürük ki, Hesablama Palatası hansı təşkilatı yoxlayırsa, orada yeyintilər, mənimsəmələ aşkar edir. Daha ciddi yoxlamalar aparılsa, yeni faktlar ortaya çıxarıla bilər”.
Komitə sədri Siyavuş Novruzov 2017-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu söylədi: “Lakin bir neçə məqama toxunmaq istəyirəm. Neft müqavilələrinin müddətinin uzadılması Azərbaycana verilən dəyərdir. Həmçinin Bakı-Tiflis-Qars dəmiryolunun işə salınması da mühüm hadisədir”.
S.Novruzov bank kreditləri ilə bağlı hökumətdən məlumat istədi: “2017-ci ildə də məsələ qaldırıldı ki, Azərbaycanda bank kreditlərinin faizinin yüksək olduğu dəfələrlə qeyd olundu. Lakin bu istiqamətdə addımlar atılmadı. Nə həmin strukturların rəhbərləri, nə də aidiiyyati qurumlar bu məsələlərlə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirmir. Əgər bunlar böhtandırsa, böhtanı yayanlar cəzasını almalıdır, yox əgər həqiqətdirsə, onda cavabdeh şəxslər cəzalandırılmalıdır”.
Deputat Fərəc Quliyev vergilər nazirinin gəlişindən sonra sahibkarlara göstərilən diqqəti xüsusi qeyd etdi. Həmçinin kənd təsərrüfatı nazirinin yenilikçi məmur olmasından danışdı. Eyni zamanda o, çatışmazlıqlardan bəhs etdi: “İdxalda ərzaq məhsullarının payı 11 faiz olub. Ən pisi də budur ki, bu məhsulların böyük əksəriyyəti Azərbaycanda istehsal oluna bilər. Bu, valyutanın xaricə axını deməkdir”. Deputat hökumətə sual etdi: “Avantürist layihələrə ayrılan vəsaitlərin geri qaytarılması ilə bağlı tədbirlər görülürmü, ya yox?”
Deputat Fazil Mustafa yeni vergilər və kənd təsərrüfatı nazirlərinin təyin olunmasını təqdir etdi: “Bu təyinatlar ümidverici rəy yaradır”. F.Mustafa onu da bildirdi ki, sahibkarlara dəstək verdikdən sonra ondan vergi tələb etmək lazımdır.
MilliYol.Az
Digər xəbərlər
loading...