Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham olunan iş adamının barəsində olan məhkəmə hökmündən verilən kassasiya şikayətinə baxılıb
Bu barədə Trend-ə açıqlamasında vəkil Adəm Məmmədov deyib.
Vəkil bildirib ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə "Elite Travel" MMC-nin təsisçisi Sadıxov Xalıq Faiz oğlunun kassasiya şikayəti araşdırılaraq təmin edilib.
Qərara görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və işə yenidən baxılması üçün geri qaytarılıb.
İttihama görə, "Elite Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə etməklə "Azər Türk Bank" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan "Elite Travel" MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt şəhər sakinlərinə vermələrində, eyni zamanda həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini "Azər Türk Bank" ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Sadıxov və F.Sadıxovun hər biri 12 il, şirkətin mühasibi Sevda Nuriyeva isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi isə X.Sadıxov və F.Sadıxovun hər birinin cəzasını 9 ilə endirib.
Qərarla razılaşmayan təqsirləndirilən tərəf Ali Məhkəməyə kassasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.
Xatırladaq ki, həbsdə olan X.Sadıxov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq generalı Elçin Quliyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...