Bakıda qadağan olunmuş dərmanlar satmaqda ittiham edilərək həbs edilən şirkət rəhbərinin məhkəməsi başlayıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
İş üzrə daha iki nəfər- Xatirə İmaməliyeva və Aidə Cəfərova da təqsirləndirilən şəxslərdir.
Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilənlərdən Natiq Qasımov özünü qismən rəqsirkar sayıb, Xatirə İmaməliyeva və Aidə Cəfərova isə özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmədə Natiq Qasımov sərbəst ifadə verib.
Dərman satışı ilə məşğul olduğunu deyən N.Qasımov həbs edilməsinin səbəbi kimi göstərilən dərmanların lisenziyasının olub-olmadığından xəbərsiz olduğunu bildirib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib.
Təqsirləndirilən X.İmaməliyeva isə dindirilən zaman söyləyib ki, qanunsuz dərmanların aptekə gətirilməsindən xəbəri olub: "Bu barədə Natiq müəllimdən soruşdum, lisenziyasının olduğunu bildirdi. Dərmanları aptekə kimin gətirdiyini görməmişəm. Yəqin ki, Natiq müəllimin özü gətirirdi. O, dərmanları sifariş verirdi. Biz işə gələndə dərmanlar işdə olurdu".
N.Qasımov özünü Cinayət Məcəlləsinin 240-cı (güclü təsiri olan maddələrin satışı) maddəi ilə təqsirli bildiyini deyib.
O, əlavə edib ki, həmin dərmanların reseptlə satıldığından xəbərsiz olub.
"Dərmanları şirkətlərdən alırdım. Aidə ilə Xatirə işçilərim olub. Biri satıcı, digəri kassir kimi çalışırdı. Dərmanları tanımadığım şəxsdən alırdım. Həmin dərmanların ağrıkəsici olduğunu bilirdim. Dərmanları adətən ruhi xəstələr alırdı"- deyə təqsirləndirilən şəxs əlavə edib.
Məhkəmədə o da məlum olub ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışında ittiham edilib.
Hakim bildirib ki, onun xanımı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. N.Qasımov bunu təsdiqləyib.
Məhkəmədə təqsirləndirilən A.Cəfərova ifadə verib.
O bildirib ki, dərmanları aptekdə resept vasitəsi ilə satıb: "Uzun müddət idi ki, işsiz idim. Həmin aptekə təzə işə düzəlmişdim. Bir həftə olardı ki, işləyirdim, sonra bu hadisə oldu. Mən işə gələndə həmin dərmanlar vitirində idi. Kim tərəfindən alındığından xəbərim olmayıb. "Tramadol" dərmanının satışından əlavə pul almırdım".
Qeyd edək ki, N.Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub.
Təqsirləndirilən qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.
Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.
Bu iş üzrə yayılan rəsmi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.
İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, criminal.az saytı N.Qasımovun sabiq rabitə naziri Əli Abbasovun qohumu olduğu barədə məlumat yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...