ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib
Bu barədə özəl olaraq Trend-in sorğusuna cavabında Rusiya XİN Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi və bunun guya həmsədrlər tərəfindən də deyilməsi fikirlərini şərh edərkən bildirib.
Rusiya XİN bildirib: "Ermənistan Azərbaycan kimi ATƏT Minsk qrupunun üzvüdür. Onun rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri danışıqlar prosesinin tərəflərindən birinin mövqeyidir. ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur:
"Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə əsasən münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir. Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar".
Digər xəbərlər
loading...