"Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma ehtimalı yüksəkdir"
Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko APA TV-nin Xəbər müdiri Cavid İsmayıla müsahibə verib. Müsahibə JTI şirkətinin dəstəyi ilə Almatıda keçirilən XV Avrasiya Media Forumu çərçivəsində baş tutub.
- Siz daim Azərbaycanın haqlı mövqeyini müdafiə edirsiniz. Təəssüf ki, Rusiyada sizin kimi jurnalistlər çox azdır...
- Mən Azərbaycanın yox, Azərbaycan xalqının mənafeyini müdafiə edirəm. Xalqınızın qədim tarixi və mədəniyyəti haqqında mənə böyük alim və filosof, üzərində dayandığımız Almatı torpağında uyuyan dostum Heydər Camal məlumat verib, azərbaycanlıları mənə daha yaxından tanıtdırıb. Heydər Camal Azərbaycan xalqının əsl vətənpərvər və savaşçı oğlu idi.
- Ermənistanda baş verən hakimiyyət dəyişikliyini necə qiymətləndirirsiniz?
- Təbii ki, bu, çevriliş idi və ilk növbədə bunun sosial səbəbləri vardı. Ermənistanda məhdud hakim təbəqədən fərqli olaraq, xalq ehtiyacın son həddində yaşayır. Ermənistan çox kasıb ölkə olduğu üçün sosial narazılıqlar üçün kifayət qədər əsas vardı. Mənə aydındır ki, bunun arxasında xarici qüvvələr dururdu və bu hadisə Rusiyaya qarşı yox, İrana qarşı yönəlmişdi. Çünki İrana qarşı qlobal müharibə hazırlıqları getdikcə müasir dünyanın reallıqlarından birinə çevrilir. Təxminən 100 milyon nəfərə yaxın əhalisi olan, sanksiyalara rəğmən güclü iqtisadiyyata malik qədim və nəhəng ölkəyə hücum planı Qərbi ciddi hazırlıqlar görməyə məcbur edir. Nəzərə almırlar ki, bütün iranlılar - həm farsdillilər, həm də türkdillilər vətənpərvər insanlardır. Ermənistan isə İran ətrafındakı həlqədə yeganə ölkə idi ki, onun sərhədlərinə Qərbin, ABŞ və İsrailin xüsusi xidmət orqanları tərəfindən nəzarət olunmurdu - bu sözümə görə azərbaycanlılar məndən inciməsin. Məncə, bundan sonra əvvəlki kimi olmayacaq və Ermənistanın İranla sərhədinə ciddi nəzarət olunacaq. Paşinyanın arxasında dayanan Amerikanın Erməni Assosiasiyası və nüfuzlu lobbi strukturu İsraillə çox sıx əməkdaşlıq edir.
- Siz iddia edirsiniz ki, Ermənistandakı çevrilişin arxasında ABŞ və İsrail dayanıb?
- Mən iddia etmirəm, mənim buna, ümumiyyətlə, şübhəm yoxdur.
- Kənardan belə göründü ki, Rusiya Ermənistanda baş verən hakimiyyət dəyişikliyi prosesinə qarışmadı. Doğrudanmı belə idi? Əgər belə idisə, bunun səbəbi nə idi?
- Rusiya lobbiçiləri Ermənistanda, sadəcə, məğlubiyyətə uğradılar. Onlar əvvəlcə Karapetyan-Vardanyan-Abramyan kimi milyarderlər üçlüyünə "stavka" etdilər. Bu üçlük Moskvanı inandırırdı ki, Ermənistanda hər şey onların nəzarətindədir. Məsələ ondadır ki, Sovet Ermənistanı erməniçiliyin kiçik bir hissəsidir. Erməniçilik mikroskopik Ermənistandan dəfələrlə böyük şeydir. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından bir neçə dəfə çoxdur. Təsəvvür edin, təkcə Krasnodar diyarında yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Onların hamısı, o cümlədən Azərbaycan ermənilərinin çoxu qaçqın adı ilə bizə pənah gətiriblər. Bundan başqa, Fransa erməniləri, Amerika erməniləri, Kilikiya erməniləri, vaxtilə Qarabağda döyüşən Livan erməniləri də var ki, onlar çox ciddi qüvvələrdir. Bu səbəbdən biz Ermənistanda hər şeyin nəzarət altında olduğu barədə Putinə yalan məlumatlar verən bəzi lobbiçi qrupların məğlubiyyətindən danışmalıyıq. Məlum oldu ki, xalqın etirazlarının qarşısını almaq üçün milyardlar yetərli deyil. Ümid edirəm ki, Moskvada Karapetyan-Vardanyan-Abramyan üçlüyünün reytinqi ciddi şəkildə düşüb.
- Son 20 ildə ilk dəfə olaraq Ermənistanda hakimiyyət Robert Köçəryan və Serj Sarkisyan kimi qiyamçı Azərbaycan vətəndaşlarının, Qarabağ qruplaşmasının inhisarından çıxdı və hakimiyyətə yerli ermənilər gəldilər. Sizcə, bu amil Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir edə bilərmi?
- Xatırlatmaq istəyirəm ki, Paşinyanı Qarabağın müstəqilliyinin tanınmasını və ya Ermənistana birləşdirilməsini tələb edən Daşnaksütun Partiyası və digər radikal qüvvələr dəstəklədilər. Ona görə də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında 1990-cı illərin qanlı hadisələrinin təkrarlanması ehtimalı kəskin şəkildə artır. Çünki Paşinyan ciddi şəkildə Qarabağ məsələsinə "stavka" etdi, Sarkisyanı və komandasını Qarabağ məsələsinin həllini tormozlamaqda ittiham etdi. Nəticədə Ermənistanda millətçilik və hərbi əhval-ruhiyyə yenidən alovlandı. Bu baxımdan onların Stepanakertdə (Xankəndidə - red.) bəzi təxribatçı tədbirlər keçirməsi təsadüfi deyildi. Ona görə də Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma ehtimalını yüksək qiymətləndirirəm.
- Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 2016-cı ilin aprel hadisələrinin təkrarlanmaması üçün hansı addımların atılmasını zəruri sayırsınız?
- Hesab edirəm ki, 2016-cı ilin aprel hadisələri zamanı hər ölkə öz məsələsini həll edirdi. Azərbaycanlılar müzəffər hərbi hücumlar həyata keçirməyə qadir olduqlarını göstərdilər, ermənilər əhalini səfərbər etdilər, Rusiya isə özünü sülhməramlı kimi təqdim etməyə çalışdı. İndi isə vəziyyət başqadır, müharibə ehtimalı yüksəkdir. Ehtimal hələ yüz faiz müharibənin olacağı demək deyil, amma təhlükəlidir. Gəlin bir anlıq təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən alovlanıb. Bu, regionda situasiyanın tamamilə dəyişməsi demək olacaq, Rusiya-Türkiyə ittifaqını darmadağın edəcək. Çünki müharibə başlayacağı təqdirdə, Türkiyə təbii ki, qardaş Azərbaycanın yanında olacaq və istisna olunmur ki, bu müharibəyə qoşulacaq. Rusiyanın isə kimin yanında olacağı bəllidir. Ona görə də bu müharibə heç kimə lazım deyil. Düşünürəm ki, Rusiya da, Türkiyə də müharibənin baş verməməsi üçün əlindən gələni edəcək, həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışacaq. Bir məsələni də qeyd etmək istərdim. Erməni millətçiliyi çox təhlükəli və radikal bir şeydir. Ermənistanda dəyişməz mövqeli qruplar çoxdur. Onlar indiyədək baş vermiş bu qədər tarixi hadisələrə baxmayaraq, heç bir dialoqa qadir deyillər. Qadir olduqları yeganə şey erməni xalqının qarşısına qoyduqları hansısa utopik irqi və ya etnik "vəzifələr"dir. Ümid etmək istəyirəm ki, bu qruplar sıxışdırılıb ikinci plana keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...