Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov ifadə verib
O bildirib ki, V.Məlikovu torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb, 2008-2009-cu illərdə qaynı Azər Əsgərov və və atası ondan torpaq alıb: “Həmin vaxtı da Vəsaiti tanımışıq, onunla münasibət qurulub. Vəsaitdən 10 hektara yaxın torpaq aldıq. O, bizim ofisə gəlib-gedirdi. Vəsait daha sonra iki torpaq sahəsini bizə təklif etdi. Biz də aldıq. Sənədləşmə işləri də Vəsaitin üstündə idi. Sonradan məlum oldu ki, torpaq sahələrinin sənədləri düz deyil. Həmin vaxt torpaq mənim qaynım Azər Əsgərov, atam və Rafiq arasında bölünmüşdü”.
R.Məmmədov qeyd edib ki, ümumlikdə torpaq sahəsinə 800 min manata yaxın pul verilib: “Sonradan bildik ki, həmin torpaqların sənədi düzgün deyil. Çünki özəlləşməyə gedib, geri qayıtmışdı”.
Təqsirləndirilən V.Məlikov söyləyib ki, həmin torpağa 45 min manat pul verib, hasarlatdırıb: “Rəşadın 123 min borcu vardı. Rəşad da demişdi ki, sənədləşməni həll elə, pulu alacaqsan”.
R.Məmmədov həmin vaxtı başının qarışıq olduğunu ifadə edib: “Həmin söhbətin üstündən 3-4 il keçdi. Sonra Vəsait məndən şikayət etdi ki, pulunu verməmişəm. İş araşdırıldı, məlum oldu ki, onun mənə borcu var”.
V.Məlikov isə həmin pulu qaytaracağını bildirib: “Lazımdırsa, günü sabah pulu qaytarım, problem yoxdur”.
Zərərçəkmiş şəxsin nümayəndəsi Kamandar Nəsibov 350 min dolları ödənməsini tələb edib.
Məhkəmənin növbəti prosesi iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən V.Məlikov Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun qaynı,b”Azimport” MMC-nin rəhbəri Azər Əsgərov və digər şəxslərə torpaq alıb-satmaq adı ilə ümumulikdə 800 min manatlıq dələduzluq edib.
R.Məmmədovun atasının bu cinayət işində adı keçsə də, istintaq onu zərərçəkmiş qismində tanımayıb.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanan V.Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, R.Məmmədov 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 1 il 1 ay 8 gün müddəti azadlıqdan məhrum olunub. R.Məmmədov həmin müddəti istintaq dövründə həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.
Bundan başqa, R.Məmmədov və A.Əsgərovun adı MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinin cinayət işidə keçib.
Belə ki, S.Qurbanov həmin vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovun göstərişinə əsasən, Salmanov Zabil Şəkil oğluna zor tətbiq edərək, R.Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova qarşı ərizə yazdırıb. Ərizədə R.Məmmədovun külli miqdarda dələduzluq etdiyi iddia olunub.
Bundan başqa, E.Mahmudovun göstərişinə əsasən, S.Qurbanov “Azimport” MMC-nin rəhbəri A.Əsgərovu onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda, A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin, A.Əsgərovun ölkədən çıxışına nazirlik tərəfindən qadağa qoyulub.
MilliYol.Az
Digər xəbərlər
loading...