Bu ilin aprel ayının sonuna qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 mlrd. ABŞ dollarından çox vəsait sərf olunub
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.
Onun sözlərinə görə, ümumi dəyəri 22,7 mlrd.dollar təşkil edən “Şahdəniz -2″ layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib.
CQD-nin baş direktoru Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 mlrd.dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd.dollar olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd.dollar təşkil edib: “Layihənin ümumi dəyəri 8 mlrd. dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək”.
Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd.avro olduğunu qeyd edib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.
MilliYol.Az
Digər xəbərlər
loading...