Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir
O da dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Üsaməddin Məlikov ifadə verib.
Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.
Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.
Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.
Kitablarda adı keçən və daha çox aylıq avro ilə faiz qazancı əldə edən Rizvan İsmayılov və Üsaməddin Məlikovdur. Buna görə də Üsaməddin Məlikov əlavə şahid kimi dindirilib. O, İxtisaslaşdırılmış Dəmir Yolu MMC-in Yol Təsərrüfatı İdarəsinin rəis müavinidir.
Ü.Məlikov bildirib ki, Rahib Hüseynovla bir idarədə işləyib: “6-7 il bundan əvvəl Rahibin anası mənə zəng elədi. Dedi ki, Rahibi tutublar. Mən də getdim, rəisə məlumat verdim. Bizim aramızda dostluq münasibətləri olub. 10 ildən artıqdır bir-birimizi tanıyırıq. Yol yoldaşı olmuşuq. Rahib imkanlı adam olub. Aradan bir müddət keçdi, müstəntiq bu işlə bağlı məni çağırdı. Suallar verdilər. Rahibə pul verib-vermədiyimi soruşdular. İkinci dəfə yenidən çağırdılar. Artıq istintaqı qurtarırdılar. Orda olanda Rahiblə məni üzləşdirdilər”.
Məlikov deyib ki, Rahibə 2-3 dəfə pul verib, amma məbləğ qeyd edildiyi qədər deyil: “Hardasa 50 min dollar vermişəm. Deyirdi, atasının təsərrüfatında iş görür. İşləri genişləndirmək fikri var idi. Ona görə də pul verdim. Həm də Bakıda ticarət mərkəzi açmaq niyyəti vardı. Mən də ona yardım elədim”.
R.Hüseynovun vəkili bildirib ki, kitablarda Rahib Hüseynov Üsaməddin Məlikovdan 3 milyon 700 min manat aldığı qeyd edilir.
Üsaməddin Məlikov bildirib ki, həmin məbləğdə pul verməyib: “50 min dollar vermişəm, üstündə 1-2 min qazanc almışam. Lakin başqa məbləğ olmayıb”.
Prokurorun suallarını cavablandıran Üsaməddin Məlikov bildirib ki, həmin vaxtı Rahib Hüseynov 180 manata yaxın əməkhaqqı alıb: “Lakin Rahib çox imkanlı adam olub. Deyirdi, ailə biznesi var”.
Hakim bildirib ki, kitablarda 2012-ci ildə sentyabr ayında təxminən Ü.Məlikovun veridiyi məbləğlərə görə 100 min dollara yaxın faiz alıb: “Bunlar nə məsələdir? Oktyabrın 1-də 30 min dollar, həmin axşamı 9 min dollar almısınız. Həmin ayın ortalarında Rahibə 1 milyon 475 min dollar pul vermisiniz. Bir müddət sonra yenindən 1 milyon 200 min pul veribsiniz”.
Təqsirləndirilən Rahib Hüseynov da kitablarda yazılanları təsdiqləyib.
O deyib ki, kimdən pul alıb hamısını həmin kitablarda qeyd edib: “Pullar 10 faizlə qaytarılıb. Elnar Əsgərovun (Arif Əsgərovun oğlu-red.)tapşırığı ilə eləmişəm. Mənə pulu Elnarın özü verib. Hər pul haqq-hesabında da mənə ayrıca pay verib”.
Şahid Üsaməddin Məlikov isə cavabında bildirib ki, yazılanlardan xəbəri yoxdur. O həmin məbləğdə pul vermədiyini qeyd edib: “Bu məbləğdə pul verməmişəm, almamışam. Bunun ətrafında olan adamlar qohum-əqrabalarıdır. Rahiblə sıx münasibətim olub. Qohumlarının hamısı məni tanıyırdı. Ona görə də ağzı bağlı oğlan kimi tanınmışam. Yaxşı oğlan kimi tanınmışam”.
Hakim bildirib ki, ümumlikdə kitabda Rahib Hüseynovun Üsaməddin Məlikova 3 milyon 600 min manat pul verdiyi qeyd edilib. Həmin pul qarşılığında isə 5 milyon 700 min manat qaytarılıb.
Üsaməddin Məlikov bir daha bunu təkzib edib və dövlət işində çalışdığını, aldığı əməkhaqqı ilə dolandığını deyib.
Məhkəmənin davamında Rahib Hüsrynov daha bir maraqlı faktın üstünü açıb. O bildirib ki, istintaq dövründə Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı ətrafında 49 milyonluq borc söhbəti olub. Daha sonra Əsgərovlar ailəsi 29 milyon manatı zərərçəkmişlərə ödəyiblər.
Rahib Hüseynov bildirib ki, kitabda yazılan adların hamısı doğurdur: “Heç kimə qarşı qərəzli deyiləm. Mən tutulan günə qədər faiz vermişəm. Həmin kitabdan bir nüsxəsi Elnarda var. Mənim kompüterimdə də var idi. Lakin əlimdən alıb sildilər”.
R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azaflıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.
Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.
Bu işdə əsas günahkarın Arif Əsgərovun oğlu Elnar Əsgrovun olduğu iddia edilir. Puları əslində onun mənimsədiyi bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...