Moskvada uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ tarixçisi Edvard C. Eriksonun müəllifi olduğu "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatı son anda ləğv edilib
Mayın 31-də Yeni Arbat küçəsində yerləşən Moskva Kitab Evində (“Dom Kniqi Moskvı”) keçirilməsi planlaşdırılan təqdimat səbəb göstərilmədən ləğv olunub. Kitab Evinin nümayəndəsi APA-nın sualına cavabında bunun səbəbini izah etməyib: "Biz bunun səbəbini sizə açıqlaya bilmərik".
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, uydurma “soyqırım”dan bəhs edən kitabın təqdimatı Rusiyadakı erməni diasporunun Moskva Kitab Evinin rəhbərliyinə təzyiqi nəticəsində baş tutmayıb. Bir ay öncə Kitab Evinin saytında mayın 31-də amerikalı hərbi tarixçi Edvard C. Eriksonun "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatının keçirilməsi ilə bağlı məlumat yerləşdirilib. Məlumatda təqdimatın müəllifin iştirakı ilə keçiriləcəyi qeyd olunub. Lakin təqdimata üç gün qalmış həmin məlumat saytdan çıxarılıb.
Kitab Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin obyektiv tədqiqi məqsədilə "ROSSPEN" Nəşriyyat Evi ilə birgə həyata keçirilən layihə çərçivəsində nəşr olunub. Həmin layihə çərçivəsində amerikalı tarixçi Castin Makkarti və türkiyəli tarixçilər Esat Arslan, Cəmaləddin Daşkıran və Ömər Turanın müəllifi olduqları "Vanda erməni üsyanı" adlı kitab da nəşr edilib.
Ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri siyasiləşdirdiyini nəzərə alan "ROSSPEN" Nəşriyyat Evi Edvard C. Eriksonu Moskvaya dəvət edib. Nəşriyyatdan APA-ya bildiriblər ki, bir neçə ay əvvəl kitabın təqdimatı üçün Moskva Kitab Evi ilə razılıq əldə olunub: “Moskva Kitab Evi təqdimata razılıq verməzdən əvvəl “Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı” kitabını bizdən aldı. Araşdırdıqdan sonra təqdimata razılıq verdilər. Biz də müəllifi ABŞ-dan bura gətirdik. Edvard Erikson artıq Moskvadadır. Təqdimata üç gün qalmış bizə səbəb göstərmədən, şifahi olaraq təqdimatın ləğv edildiyini bildirdilər. İndi onlardan təqdimatın hansı səbəbdən ləğv olunması ilə bağlı yazılı izahat gözləyirik”.
Qeyd edək ki, amerikalı hərbi tarixçi Eriksonun kitabında ilk dəfə olaraq müqayisəli analiz prinsipi ilə çoxmillətli Osmanlı imperiyasında XIX əsrin sonunda, XX əsrin əvvəlində hökumətin üsyançılara qarşı mübarizə fəaliyyəti tədqiq edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...