“Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat vermişik” - AzTV rəhbərinin adı keçən cinayət işi
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.
Məhkəmə prosesində elan edilib ki, ötən iclasda təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz məktubu veriblər. Hakim bildirib ki, məhkəmə hələlik etirazı baxılmamış saxlayır.
Daha sonra təqsirləndirilənlərdən Şücayət Əkrov başqa bir vəsatət qaldıraraq zərərçəkmiş qismində tanınan Arif Alışanovun məhkəmə baxışına gətirilməsini istəyib. O, AzTV sədri gələnə qədər məhkəmənin baxış iclasının təxirə salınmasını istəyib.
Hakim Əfqan Hacıyev bildirib ki, Arif Alışanov məhkəməyə dəvət edilib. Ancaq məhkəməyə gəlməyən Alışanova yenidən bildiriş göndəriləcək.
Məhkəmənin davamında şahid qismində Şamaxı rayonunda icra nümyəndəsi vəzifəsində çalışan A.Həsənov ifadə verib. Şahid söyləyib ki, oğlu Bəhruz Həsənovun adına olan torpaq sahəsini Şücayət Əkbərova satıb. Qarşılığında isə Şücayət Əkbərovdan 50 min manat alıb.
Şücayət Əkbərov da şahidin dediklərinə münasibət bildirib. O, şahidin dediklərini təsdiqləyib və bunları əlavə edib: "Arif Alışanovla Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat pul vermişik. Həmçinin digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Səbəb də kəndi ələ keçirmək olub".
Məhkəmədə şahid qismində Səlim Sadıqov ifadə verib. O, təqsirləndirilən Şücayət Əkbərovun keçmiş qaynı olduğunu söyləyib. Bildirib ki, Şücayət Əkbərovun odlu silah gəzdirməsindən, Arif Alışanova sui-qəsd etməsindən xəbərsiz olub.
Digər şahid Nəriman Cabbarov ifadəsində 30 hektar torpaq sahəsini 120 min manata Arif Alışanovun sürücüsü Hacı Babayevə satdığını deyib.
Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.
İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.
Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.
Digər xəbərlər
loading...