Rusiya ilə Türkiyə arasında münasibətlərin təzədən normallaşması, üstəlik iki ölkənin Suriya məsələsində effektli əməkdaşlıq etməyə başlaması gözlənildiyi kimi, ən çox işğalçı Ermənistanda narahatlıq yaradıb.
Təcavüzkar ölkədə onsuz da neçə vaxtdır Moskvanın Azərbaycana silah tədarükünü davam etdirməsindən dolayı bir narazılıq hökm sürürdü. Bu yandan da Kremlin Ankara ilə regiondakı konfliktli məsələlərdə əməkdaşlıq və anlaşma əldə etməyə başlaması və dərhal da Suriya timsalında bu əməkdaşlığın uğurlu nəticələr verməyə başlaması erməniləri ikiqat üzməkdədir.
Xain qonşularımız belə ortaq əməkdaşlığın Dağlıq Qarabağ münaqişəsinin də həllinə inikas edə biləcəyindən təlaş keçirirlər. Ermənistandakı “İnformasiyalı vətəndaşlar ittifaqı”nın sədri, təhlilçi Vaqe Qukasyan da o sıradadır.
Qukasyan 1 in.am saytında bu mövzuya həsr elədiyi müəllif məqaləsində yazır: “O fakt ki, Moskvanın müttəfiqi Bəşər Əsədlə Türkiyə silahlı qüvvələri eyni vaxtda kürdləri hədəf seçiblər, bunu göstərir ki, ola bilsin Türkiyə-Rusiya əməkdaşlığı elə bu cür işləyir. Artıq keçmişdə verilən bəyanatlar unudulub və daha xırda regional oyunçuların (kürdlər, PYD-YPK terror qruplaşması nəzərdə tutulur-red.) maraqları qulaqardı edilib. Suriyadakı Türkiyə-Rusiya oxu və ona uzaq məqsədlər üçün İranın da qoşulması mövzusuna toxunmadan qeyd edək ki, Suriya nümunəsində rus-türk əməkdaşlığının nəyə gətirdiyini görmək mümkündür. Məsələ ondadır ki, konfliktlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində də Türkiyə Suriyadakı kimi Rusiyanın yüngül əli ilə “nizamlama” prosesinə (dırnaqlar müəllifə məxsusdur-red.) cəlb oluna bilər”.
Müəllif daha sonra bu xüsusda həyəcanla qeyd edir: “Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə yaxınlaşdıqdan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dilindən belə bir bəyanat səsləndi ki, Qarabağ məsələsinin Türkiyə-Rusiya-Azərbaycan formatında müzakirəsi mümkündür. Elə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya da Ankaranın Qarabağa dair danışıqlar prosesində daha fəal iştirakının əleyhinə deyil. Bu xüsusda əgər indiyədək konfliktin nizamlanmasına dair danışıqlar və təşəbbüs Minsk Qrupu həmsədrlərində idisə, artıq prezident Vladimir Putin bəyan edir ki, qarant qismində indi ATƏT-in Minsk Qrupunun hansısa üzvü də çıxış edə bilər”.
“Bütün bunlar düşünmək üçün belə bir zəmin yaradır ki, rus-türk qarşılıqlı qucaqlaşmasının və “məhəbbətli alverin”in hədəfləri sırasında Qarabağ məsələsi də ola bilər. Hər halda Moskva və Ankaranın Suriya məsələsində mövqeyinin necə dəyişdiyi ortadadır. Eyni şey Dağlıq Qarabağ məsələsində baş verə bilər” , - deyə erməni təhlilçi sonda təşvişlə vurğulayıb. (Musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...