Tanınmış hüquqşünas mətbuata və ictimaiyyətə müraciət etdi
“Hazırda vəkil kimi cinayət işləri üzrə 2 vətəndaşı müdafiə edirəm. Maraqlı və cəmiyyətimiz üçün çox aktual problemlə bağlıdır – sələmçilik. Bu işlərin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olacaq. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər”.
Strateq.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əkərm Həsənov sosial şəbəkədəki hesabında yazıb. O, bildirib ki, burada məqsəd başqa borcalanlara dərs verməkdir. Ekspert daha sonra hər iki işlə bağlı qeydlərini paylaşıb: “İttiham aktları sadəcə biabırçılıqdır. Onları oxuyanda ölkəmizin hüquq sisteminin nə gündə olduğu aşkar olur.
Pirallahıda yaşayan Azərbaycan Beynəlxalq Bankının sabiq əməkdaşı Ələkbərov Nadir Kamal oğlu qardaşı Elşənlə birlikdə sələmçiliklə məşğul olaraq vətəndaşlara 3-5% aylıq dərəcə ilə borc verir. Belə borcalanlardan biri Rusiyada doğulmuş Azərbaycan vətəndaşı Panfilova Valeriya Viktorovnadır. Borcun əksəriyyətini qaytarsa da, Nadir Ələkbərov nəinki bunu danır, üstəlik Panfilovanı dələduzluqda ittiham edir. O, bir neçə şəxsin də eyni ittihamla Panfilovanın üzünə durmasına nail olub. Amma işdə heç bir əsaslı sübut yoxdur və mən bunu prosesdə sübut edəcəyəm”.
Ə.Həsənov bildirib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə yarım ildən çoxdur ki, baxılır. Müvəkkili Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə – külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. “Mən bu işə bir neçə gündür ki, qoşulmuşam. Növbəti iclas 30 may saat 10.00-da olacaq”.
Hüquqşünas daha sonra növbəti problemlə bağlı məlumat verir: “Məmmədov Ramiz Şahmurad oğlu Füzulidən olan Mahmudov Qədir Mahmud oğluna aylıq 10%-lə borc verib. Borc ödənilsə də, Mahmudovun əlində sübut yoxdur. Buna görə də Məmmədov Mahmudovu məhkəməyə verib və işi udub. Lakin işsiz Mahmudov məhkəmə qətnaməsini yalnız qismən icra edə bilib. Buna baxmayaraq inzibati qaydada 10 günlük həbs edilib. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət də etmişəm. Avropa Məhkəməsi artıq mənim bu kimi şikayətlərim üzrə kommunikasiyaya başlayıb. Lakin indi Mahmudova qarşı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə cinayət işi də açılıb. Bu gün saat 10.00-da Xətai rayon məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə hazırlıq iclası olacaq. Növbəti iclasın vaxtı barədə əlavə məlumat verəcəyəm”.
Əkrəm Həsənov sonda hər iki işi hüquq sistemimizə, cəmiyyətimizə ləkə, rüsvayçılıq adlandırıb: “Buna görə də cəmiyyət olaraq fəal olmalıyıq. Əks halda, sabah hər kəsi belə absurd və sübutsuz ittihamlarla həbs etmək olacaq. Yalnız mətbuat deyil, hamı fəal olmalıdır, ictimai qınaq vacibdir. Xahiş edirəm, sözügedən sələmçilərin başqa qurbanları da varsa, mənimlə əlaqə saxlasınlar”-deyə hüquqşünas fikirlərini yekunlaşdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...