Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan səfirliyinin Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda çıxışında deyib
Baş nazir qeyd edib ki, ötən il Gürcüstanın Borjomi bölgəsində baş vermiş meşə yanğının söndürülməsində Azərbaycanın göstərdiyi köməyi gürcü xalqı heç zaman unutmayacaq. G.Kvirikaşvili Azərbaycan xalqını Respublika günü və ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. “Təəssüflər olsun ki, 100 il öncə hər iki respublikanın müstəqilliyi qısamüddətli oldu. Lakin demokratiya tarixində hər iki ölkə iz qoya bildi. Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüz illik tarixi var və bu münasibətlər daha da inkişaf etdirilir”.
Baş nazir Gürcüstan və Azərbaycan arasında mövcud münasibətləri nümunəvi adlandırıb: “Hər iki dövlətin iştirakı ilə həyata keçirilən genişmiqyaslı iqtisadi layihələr bölgəmizdə sülh və sabitliyə xidmət edir. Bölgədə həyata keçirilmiş Bakı-Tbilisi-Qars və TANAP kimi əhəmiyyətli layihələr Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin uğurudur. Ümid edirik ki, bu layihələr bölgənin əhəmiyyətini daha da artıracaq”.
İki ölkə arasında iqtisadi münasibətlərə toxunan G.Kvirikaşvili bu münasibətləri dinamik adlandırıb: “Azərbaycan Gürcüstanın ən böyük investoru və əsas ticarət tərəfdaşlarından biridir. İqtisadi əməkdaşlıq münasibətləri dinamik inkişaf etməkdədir”. (apa)
Digər xəbərlər
loading...