Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib
Virtualaz.org-un məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olunub. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olunub, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.
Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan universitetinin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.
Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Digər xəbərlər
loading...