Aprel ayının əvvəlində ABŞ prezidenti Donald Trampın Tehranla nüvə sazişindən çıxacağı barədə bəyanatının ardınca İranın milli valyutası kəskin şəkildə ucuzlaşıb
Tehranda dolların qiyməti 54 min rialdan 60 minədək artıb.
Hökumət rialı rəsmi müəyyən edilən 42 mindən artıq məzənnə satanları cəza ilə hədələsə də, sabitlik planlarını elan etsə də, bir çox təhlilçi hesab edir ki, rialın ucuzlaşması sanksiyaları gözləyən ölkənin daha dərin problemlərindən xəbər verir. BBC Fars xidmətinin təhlilinə əsasən, bir çox iranlı sanksiyaların fəsadlarına qarşı sığorta vasitəsi kimi xarici valyuta almağa çalışır.
İtaliyada mənzillənən “European University Institute”-da tədqiqatçı, əslən iranlı olan Səid Bağeri bu fikirlə tam şəkildə razı olduğunu bildirir. “BBC News Azərbaycanca”ya danışan alimin sözlərinə görə, 2015-ci ildə sanksiyaların ləğvi ardınca bir çox iranlının rifahın artacağı ilə bağlı ümidləri puça çıxmış oldu. Bağeri deyir ki, sıravi insanlar statistikanın göstərdiyi artımın nəticələrini hiss etmir.
Səid Bağerinin sözlərinə görə, insanlar “qiymət artımı və inflyasiyadan” əziyyət çəkir: “Mağazaya girib əlçatmaz qiymətləri görənlərin dodaqları uçuqlayır“, – ət, bal, qoz-fındıq kimi ərzaq mallarına qiymətin durmadan artdığını deyən Bağeri bildirib.
2015-ci ildə 6 güc dövləti ilə nüvə sazişi bağlayan Tehran neft, maliyyə və ticarət sahəsində beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində öz nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. İran dünyanın ən iri neft istehsalçılarından biridir və sanksiyalar bu ölkənin yanacaq ixracatını əhəmiyyətli şəkildə məhdudlaşdıra bilər. Beynəlxaq Valyuta Fondunun (BVF) rəqəmlərinə görə, 2015-ci ildə sanksiyaların ləğvi ardınca keçən bir il ərzində İran iqtisadiyyatının həcmi 12,5 faiz artıb.
Bundan sonra artım templəri zəifləsə də, o, kifayət qədər yüksək qalır. Bu il artımın 4 faiz ətrafında olacağı güman edilir. Prezident Həsən Ruhaninin hökuməti sanksiyaların ləğvi nəticəsində iqtisadi nailiyyətlərini xüsusilə vurğulasa da, adi iranlılar arasında məsələyə münasibət birmənalı deyil.
İran hökumətinin mövqeyini müdafiə edənlər yoxsulluq səviyyəsinin azalması barədə Dünya Bankının rəqəmlərinə istinad edə bilər. Statistikaya əsasən 2009-2013-cü illər arasında yoxsulluq səviyyəsi 13 faizdən təqribən 8 faizədək azalıb. Lakin 2014-cü ildə yoxsulluq yenidən artmağa başlayıb.
İran iqtisadiyyatı barədə bəzi təhlillərdə maaşların artmadığı da göstərilir. Bu barədə danışan Səid Bağeri İran universitetlərində işləyən öz müəllim həmkarlarını misal çəkir.
“Tanıdığım müəllimlər var ki, son 20 ildə maaşı dəyişməz qalır. Yəni qiymətlərin artmasını nəzərə alsaq, onların məvacibi hətta azalıb”.
Səid Bağeri deyir ki, 2015-ci ildə insanlar nüvə sövdələşməsini sevinclə qarşıladılar. Onlar gözləyirdilər ki, sazişin imzalanması birbaşa onların həyatına təsir edəcək, lakin bu illər ərzində, əksinə işsizlik, rüşvətlə bağlı şikayətlərin artdığını görmək olar, – iranlı alim deyib. “İnsanlar çox məyusdur. 4-5 ay bundan əvvəlki kütləvi çıxışlar da məhz bunun təzahürüdür”.
MilliYol.Az
Digər xəbərlər
loading...