İqtisadçı-alim Qubad İbadoğlu növbəti məqalə ilə çıxış edib. MilliYol.Az "Facebook" sosial şəbəkəsi vasitəsi ilə yayımlanan həmin məqaləni təqdim edir:
Manatın devalvasiyası yenidən gündəmə gəlib, artıq bir sıra ekspertlər manatın növbəti devalvasiyasının tarixi, eləcə də dollara nəzərən məzənnəsi ilə əlaqəli rəqəmlər də səsləndirirlər.
Əslində Azərbaycan manatı ABŞ dollarına nisbətdə hər gün devalvasiyaya uğrayır, yəni kiçik templərlə olsa da gündən-günə dəyərini itirir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) son məlumatlarına görə, manatın dollara nisbətən hazırkı məzənnəsi bu ilin yanvar ayının orta aylıq məzənnəsi ilə müqayisədə 2,9 faiz ucuzlaşıb.
Təbii ki, son 6 ay ərzində iqtisadiyyatda baş verənlərə nəzərən manatın məzənnəsindəki 2,9 faizlik ucuzlaşmanı adekvat hesab etmək olmaz. Çünki, ilk 7 ayının makro iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-in bütövlükdə 3 faiz, qeyri-neft bölməsinin ÜDM-i 5,4 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz , eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz , kredit qoyuluşları 9,1 faiz azalıb, istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz bahalaşıb. Gömrük məlumatına görə, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatları 13,9 faiz , o cümlədən qeyri-neft ixracatı 27 faiz aşağı düşüb, ticarət dövriyyəsində 225,7 milyon dollarlıq mənfi saldo yaranıb, bütün bunlara rəğmən şübhəsiz ki, həmin dövrdə tədiyə balansının kəsiri də çoxalıb.
Bunlardan əlavə, monetar-fiskal göstəricilər də pisləşib.Belə ki, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 75,6 faiz, cəmi depozit bazasının valyutalar üzrə strukturunda dollarla əmanətlər 80,2 faiz təşkil edib. İndiyədək 9 bank bağlanıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanan 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib. Nəticədə də ADİF texniki defolt vəziyyətinə düşüb. Kommersiya banklarının xarici öhdəlikləri 6 milyard 625,8 milyon manata çatıb.
Bütün bunlarla yanaşı, 2016-cı ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrünə nisbətən dövlət büdcəsinin gəlirləri 25,3 faiz azalıb. Yəni bu ilin 7 ayında ötən il dövlət büdcəsinə yönələn vəsaitin hər 4 manata 1 manat azalıb. Bu ilin ilk yarısında Dövlət Neft Fondunun (DNF) büdcəsinə 4 milyard manata və ya 2,5 milyard dollara qədər vəsait yığılıb. Nəticədə, DNF-nin dollarla ifadə olunan 6 aylıq büdcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və 36,4 faiz azalıb.
Beləliklə də Valyuta bazarının əsas iştirakçısı olan DNF-in hər həftə keçirilən 2 hərrac üzrə 100 milyon dollar satması dollara artan tələbatın müqabilində yetərli deyildir. Deməli, valyuta bazarında bir tərəfdən azalan təklif, digər tərəfdən isə artan tələb problem mövcuddur.
AMB-nin iyun ayına olan son məlumatına görə, həmin ayda yalnız nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə satışın həcmi dollarla 321 milyon 916 min, avro ilə 59 milyon 158 min avro, ingilis funt sterlinqi ilə 3 milyon 97 min dollar təşkil edib. Cari ilin iyun ayında may ayı ilə müqayisədə hər 3 sərbəst dönərli valyuta üzrə satışın həcmi orta hesabla 2 dəfəyədək artıb. Bu göstəricilər nağd xarici valyuta ilə mübadilə əməliyyatları ilə olan vəziyyəti xarakterizə edir. Çox güman ki, iyul və avqust aylarında bu tendensiya davamlı olub. Eyni zamanda nəzərə alaq ki, dollara və digər valyutalara tələbatı həm də nağdsız xarici valyuta ilə mübadilə əməliyyatları yaradır.
Göründüyü kimi valyuta bazarında gərginlik artıb. Bunu şərtləndirən amillər sırasına bankların sürətlə bağlanmasından sonra bu sistemə olan etibarın, hər gün dəyərini itirdiyinə görə manata olan inamın azalması, eləcə də son vaxtlar sabit artım nümayiş etdirən kənd təsərrüfatında məsrəfləri manatla olan təsərrüfat adamlarının əldə etdiləri qazanclarını dollara dəyişdirməsi, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq xaricdə təhsil haqqlarının ödənilməsi, yay məzuniyyətləri zamanı xaricə gedənlərin sayının atması, ən başlıcası isə kommersiya banklarının valyuta ilə əməliyyatları üzrə manipulyasiyaları, son dövrlər ölkədən kapitalın çıxarılmasının sürətlənməsi ilə izah etmək olar. Bu şərtlərlə manatın məzənnəsinin yaxın zamanlarda sabitləşəcəyini gözləməyə dəyməz.
Odur ki, AMB-nin 3 seçimi vardır:
1) hazırkı ssenari üzrə manatın məzənnəsini kiçik, lakin artan templərlə,
2) fasiləli kəskin devalvasiya,
3) manatı çevik və üzən məzənnə siyasəti ilə azad bazarın öhdəsinə buraxmaq.
Bu üç yolun hamısı manatın dəyərini itirməsinə aparır. Hər 3 yolun sonu manatın gerçək məzənnəsinin formalaşmasında bitir. Birinci yol uzun, ikinci yol orta, üçüncü yol isə qısadır. Seçim hüququ da AMB-dədir, qərar qəbul etmə səlahiyyəti isə yenicə yaradılmış Maliyyə Sabitliyi Şurasındadır.
MilliYol.Az
Digər xəbərlər
loading...