“Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi məni narahat edir. Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin “debil” uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar”
Modern.az-ın məlumatıan görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır.
“Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman “papanın gül balalarını” xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir”.
A.Mollazadə deyib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır.
“Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.
MilliYol.Az
Digər xəbərlər
loading...