“AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək”
Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.
S.Şennak bildirib ki, AŞPA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.
Bu ilin iyun ayında Azərbaycana səfərləri gözlənilən həmməruzəçi S.Şennak səfərin təxirə salındığını da bildirib: “Azərbaycan üzrə digər həmməruzəçi Sezar Florin Preda da vəzifəsindən kənarlaşdırılıb və hazırda mən təkəm. İyun ayında keçiriləcək sessiyada Predanın da yerinə başqa nümayəndənin seçilməsi məsələsi müzakirə ediləcək. Ona görə səfərimiz təxirə salınıb. Yeni həmməruzəçi təyin olunduqdan sonra səfər baş tutacaq”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.
Qərarda qeyd olunur ki, AŞPA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞPA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.
O, müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.
S. Seyidov isə ittihamları tamamilə rədd edərək, bu sanksiyanın Azərbaycanı ASPA-dan uzaqlaşdırmağa xidmət etdiyini deyib: "Sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzlidir".
O, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanların sanksiyaya məruz qaldığını vurğulayıb: "Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyəti daha da yüksək formada təşkil ediləcək. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın nüfuzuna mənfi təsir göstərəcək".
Digər xəbərlər
loading...