Manatla bağlı bədbin proqnozlar mətbuatın gündəmin düşmür. Bu cür məlumatların yayılması bazarda dollara tələbatı artırmaqla yanaşı, əhalinin də təşvişinə səbəb olur. Ötən gün bank sektorundakı mənbələrdən istiqlal.az-a valyuta bazarında kifayət qədər həyəcan doğuran bir məlumat daxil olub. Mənbənin iddiasına görə hökumət üzən məzənnədən imtina edib, yenidən kəskin devalvasiyaya hazırlaşır. Hətta devalvasiyanın tarixi də göstərilib - 3 sentyabr.
Mənbənin sözlərinə görə, dollar satışı demək olar ki, dayandırılıb, qara bazar canlanıb: “Banklar devalvasiyaya hazırlıq məqsədi ilə rəsmi dollar satışını minimuma endirib xarici valyutanı qara bazara çıxarıb. Qara bazar bankların tam nəzarətindədir”. Məlumatda deyilir ki, hazırda 1 dollar 1.62 manatdır. 25 faizlik devalvasiya olacaqsa, dolların məzənnəsi 2,02 manat olacaq. Səbəblərdən biri də odur ki, ölkəyə idxal da artmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda ixrac illik 49,42%, idxal 14,2% azalıb. Mənfi saldo 1 milyard dollara yaxındır. Bu da kəskin devalvasiyanı qaçılmaz edir.
Qeyd edək ki, bankların dollar satışını məhdudlaşdırmasından sonra “qara bazar” da fəallaşıb və bu da manatın məzənnəsinə təzyiqləri artırır. Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq “qara bazar”a qarşı son günlər birgə mübarizə apararaq qanunsuz olaraq xarici valyutaların satışı ilə məşğul olanları saxlayıblar. “Qara bazar”ın fəallaşması və bankların dollar satmaqdan imtina etməsi də devalvasiyanın anonslarından biri hesab edilir.
Manata başqa bir təhlükə isə ABŞ-dan gələ bilər. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa yaxınlaşıb. FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.
FED-in “Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: “Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.
FED-in “Dallas” şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R. Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.
FED rəhbərlərinin bu açıqlamaları da manata təzyiqləri artıran bir amil hesab olunur. Əgər FED növbəti iclasda faiz dərəcələrini artırsa, bu manatın daha da ucuzlaşmasını qaçılmaz edəcək.
İqtisadçı-ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, valyuta bazarında bütün şərtlər manatın dəyərdən düşməsini qaçılmaz edir: “İyun ayından başlayaraq, manatın dollara qarşı məzənnəsində azalmalar və xarici valyutanın möhkəmlənməsi müşahidə edilir. Son 3 ayda manat hər yüz dollara görə 22 manat dəyər itirib. Bu da ondan xəbər verir ki, manatın dəyər itirməsi prosesi davam edir. Dollara tələb hələ də yüksəkdir. Son hərraclarda dollara olan tələb təklifi ən azı 14 dəfə üstələyib. Son hərracda təklif 50 milyon dollar, tələb isə 700 milyon dollar idi. Bu da onu göstərir ki, tələblə təklif arasında böyük fərq var. Mərkəzi Bank da praktiki olaraq bazara intervensiya etmir. Son hərraclarda təklif Dövlət Neft Fondu tərəfindən həyata keçirilib. Praktiki olaraq DNF hərraclar vasitəsilə dollara olan tələbi ödəməyə çalışır. Lakin tələbin təklifdən çox olması onu göstərir ki, hərraclarda dollara olan tələb ödənilmir. Mərkəzi Bank manatı bazar dəyərinə yaxınlaşdırmağa çalışır. Manatın son aylarda müəyyən qədər dəyər itirməsinə baxmayaraq, hələ də real bazar dəyərini almayıb. Hazırda tənzimlənən üzən valyuta rejimidir. Mərkəzi Bank bazara intervensiya etməsə də, hərraclar vasitəsilə, Dövlət Neft Fondunun hərraclara çıxmasını təmin edərək bazara təsir edir. DNF dollar satıb manat alaraq dövlət büdcəsinə transfer edir, büdcə xərclərini qarşılayır. Nəticədə yenə də Mərkəzi Bank rəsmi məzənnə vasitəsilə bazara təsir edir. Konkret marja var və bu imkan vermir ki, banklarda məzənnə Mərkəzi Bankın məzənnəsindən kəskin fərqlənə bilsin”.
Ekspert onu da qeyd edib ki, Mərkəzi Bank bazardan çəkilərsə, üzən valyuta rejimi liberal rejimə keçərsə, manatın daha çox dəyər itirəcəyi şübhəsizdir: “O baxımdan son ayların manitar siyasəti o nəticəyə gəlməyə imkan verir ki, Mərkəzi Bank mərhələli şəkildə manatın bazar dəyərinə yaxınlaşmasını təmin etməyə, həm də valyuta ehtiyatlarını qorumağa çalışır. Çünki AMB manatı bir müddət saxlasa belə bu dolların bahalaşmasının qarşısını ala bilməyəcək. Mövcud manitar siyasət davam edərsə, növbəti dövrlərdə də manat ucuzlaşmaqda davam edəcək. Lakin bu kəskin olaraq deyil, mərhələli şəkildə baş verəcək və ilin sonuna kimi davam edəcək. Mərkəzi Bank liberal üzən valyuta rejiminə keçməyə ehtiyatlanır, çünki bu halda manat daha çox dəyər itirəcək. Kəskin devalvasiya, yəni milli valyutanın sıçrayışla dəyər itirməsi Mərkəzi Bankın məzənnə siyasətindən asılı olacaq. Mərkəzi Bank liberal üzən valyuta rejiminə keçərsə, manat sıçrayışla dəyər itirə bilər. Ancaq mövcud siyasəti saxlasa, mərhələli şəkildə manat dəyər itirəcək. Hər iki halda dollar möhkəmlənəcək”.
Hazırda “Qara bazar”ın aktivləşməsinə gəlincə, V.Bayramov bildirib ki, dollar satışının məhdudlaşdırıldığı vaxtda bu gözlənilən idi: “Sahibkar, vətəndaş banklardan dollar ala bilmirsə, məcburdur ki, qara bazardan alsın. Valyutadəyişmə məntəqələri bağlanan zaman da mən bildirmişdim ki, bu qara bazarı canlandıracaq. Bu baxımdan valyutadəyişmə məntəqələrinin bərpa edilməsinə ehtiyac var. Qara bazarın formalaşmasının əsas səbəbi vətəndaşların valyuta tələbinin ödənilməməsidir. Amma qara bazar varsa, deməli valyuta var, lakin leqal bazarda satılmır. Bu baxımdan valyutanın leqal bazarda satılmasına ehtiyac var. Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının da funksiyası ondan ibarət olmalıdır ki, növbəti dövrdə "qara bazar"da satılan dollar leqal şəkildə vətəndaşlara təklif edilsin. Bu da məzənnəyə təsiri azaldır. Ölkədə valyutadəyişmə sahəsində böyük problem var, şənbə və bazar günlərində, bayram günlərində bu daha da çətinləşir. Yaxşı olar ki, Bakının mərkəzi rayonlarında müəyyən sayda valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verilsin. Bu baxımdan “qara bazar”ın leqallaşdırılması vacibdir".
MilliYol.Az
Digər xəbərlər
loading...