Ekologiya nazirliyinin qanunsuz rəyi və işbazların daş karxanaları Bakını fəlakətlə üz-üzə qoyub
Ekologiya və Təbii Sərvətlər nazirliyinin biganə münasibəti nəticəsində paytaxtımız ekoloji fəalkətlə üz – üzə qalıb. Bakı şəhərində yaşıllıqların kütləvi məhv edilməsi və parkların ərazilərində obyektlərin tikilməsi ilə bağlı bir sıra yazılarımız olub. Qeyd olunan faktlar göstərir ki, adıçəkilən nazirlik Bakının və ətraf rayon icra başçıları ilə gizli sövdələşməyə gedərək belə addımların atılmasına susur və Prezidentin tapşırıqlarını arxa plana ötürür.
Bakıda ekoloji fəlakətə zəmin yaradan fakt təkcə yaşıllıqların məhvi deyil. Paytaxtın və ətraf rayonların torpaqlarının işbazlar tərəfindən satışa çıxarılması sürüşmə təhlükəsini də labüd edib. Dəfələrlə bu mövzuya toxunaraq, Ekologiya və Təbii Sərvətlər nazirliyinin faktları araşdırılması üçün müraciətlərimiz olub. Lakin nazirlik səlahiyyətliləri, eləcədə Bakının Ekologiya və Təbii sərvətlərə cavabdeh olan qurumu fəaliyyətində dəyişiklik etməyib.
Bakıda işbazlar tərəfindən ekoloji vəziyyəti nəzərə almadan görülən işlər Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul şəxsləri ilə razılaşdırılır. Bir çox hallarda şifahi razılaşma əsasında qanunların pozulması prosesi baş verir ki, bu da şəxsi maraqlara xidmətin nəticəsində mümkün olur. Ölkə başçısının tapşırıq və qərarları, haqqında danışdığımız məmurların gizli sövdələşmələrinə əngəl deyil. Etibarlı mənbəmizin Realliqinfo.org - a göndərdiyi faktlar hazırda araşdırılır və ətraflı məlumat verəcəyik.
Bakıda ekoloji fəlakət yaradan digər faktlar barədə ötən yazımızda məlumat vermişdik. Həmin yazıda qeyd olunurdu ki, Bakının Zirə qəsəbəsi ərazisində, Abşeron torpaqlarında və Qaradağ rayonunda yerləşən daş karxanaları dövlətin qanunlarına məhəl qoymadan və müvafiq dövlət qurumlarından çəkinmədən öz fəaliyyətlərini davam etdirirlər. Özbaşınalıq sərhəd tanımır və bəzi şəxslərin qazanc mənbəyinə çevrilmiş Abşeron torpaqları göz görə-görə talan edilir...
Realliqinfo.org -ın araşdırmalarından o da məlum olub ki, Abşeron rayonu və digər ərazilərdə yerləşən daş karxanalarının qanunsuz istifadəsini, qum və çınqılın satışını təşkil edənlər sadə vətəndaşlar deyil. Bunlar yüksək vəzifə tutan məmurlardır. Zirə qəsəbəsi yaxınlığında yerləşən karxanalara nəzarəti Abşeron rayonu İcra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən şəxs edir.
Göründüyü kimi Bakının və Abşeronun torpaqlarının talan edilməsi prosesi də məmurlar tərəfindən həyata keçirilir. Bu mənada Ekologiya və Təbii Sərvətlər nazirliyinə edilmiş müraciətlərə cavab verilmir. İki ay öncə bizimlə həmfikir olduğunu bildirən nazirlik, indi baş verənləri susmaqla yola verir. Səbəbə varınca məlum olur ki, torpaqları istismar edən işbazlar deyimlərində haqlıdırlar. Onlar nazirliyin “hörmətini” etdiklərini və bu səbəbdən qanunsuz fəaliyyətləri üçün ETSN - dən rəylər aldıqlarını bildirirlər.
Daş karxanalarına verilən rəylərin imzası da bəllidir. Bu qanunsuzluq və özbaşınalığa hüquqi don geyindirməyə çalışanlar Prezidentin tapşırıqlarına məhəl qoymadıqları aşkardır. Şəxsi maraqlar hesabına həyata keçirilən qanunsuzluğun Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən himayə edilməsi ancaq təəssüf doğurur.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Adıçəkilən qurumun yeni rəhbərliyinin məsələyə müdaxilə edəcəyinə hələ ki, ümidimiz var. İnanmaq istərdik ki, Bakını ekoloji fəlakətlə üz-üzə qoyanların “hörməti” nazirin qəbul otağında müzakirə edilməyib.
Mövzuya qayıdacağıq.
MilliYol.Az
Digər xəbərlər
loading...