Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevirilib və "Xəzər" jurnalında çap edilib
Amma atası və babası Lui-Filipp dönəmində ən yüksək vəzifələr tutmuş hersoq İksin bazar günlərindəki səhər naharının daimi iştirakçısının Svan olduğu haqda bir dəfə babam qəzetdən oxumuşdu. Qeyd etmək lazımdı ki, babam hər cür xırda faktın özünə belə maraq göstərirdi, bu da ona Molye[1], hersoq Pakye[2], hersoq de Broy[3] kimi insanların şəxsi həyatlarına xəyalən nüfuz etməyə yardımçı olurdu. O, tanıdığı insanlarla Svanın görüşdüyünə görə, özünü xoşbəxt hiss edirdi. Böyük xalam isə, bu yeniliyi Svan üçün xoş olmayan bir mənada yozurdu, onun fikrinə görə, mənsub olduğu öz doğma silkindən, ictimai "sinfindən" kənarda özünə tanışlar seçən insan pozğunlaşmağa doğru gedir. Ona elə gəlirdi ki, belə adam yaxşı əlaqə qurduğu mötəbər insanların hər birindən əldə edə biləcəyi öz mənfəətindən imtina edir, axı öz uşaqlarının xatirinə ehtiyatlı olan hər bir kəs, belə münasibətlərin qədrini bilməli və onlara üstünlük verməlidi. (Böyük xalam hətta bizim dostumuz notariusun oğluna ev verməkdən imtina etmişdi, çünki o, "cah-calallı" birisiylə evlənmişdi və beləcə onun gözündən o dərəcədə düşmüşdü ki, bir notarius oğlu kimi öz fəxri durumunu, yoldan keçən birinin, mehtər və faytonçunun durumuna dəyişmişdi, şayiələrə görə, belələrinə keşmişdə kral arvadları meyl göstərərmişlər.) O, Svanın bizə şam yeməyinə gələcəyi yaxın axşamlardan birində, babamın ondan bizim xəbərimiz olmadan dostlaşdığı kəslərin kimliyini soruşmaq niyyətinə qarşı etiraz edirdi. Nənəmin bacıları – yəni evdə qız qarımış, ağıllarıyla deyil, qəlbləriylə nur saçan iki böyük xalam, belə boş şeylər barədə söhbətdən yeznələrinin necə zövq ala bildiyinə öz heyrətlərini bildirirdilər. Onların hər ikisi yüksək düşüncəyə malik idilər və ona görə də, necə deyərlər, nəyinsə qeybəti ediləndə dözə bilmirdilər, onları hətta tarixi lətifələr də maraqlandırmırdı; ümumiyyətlə, onlarda gözəl və yüksək sayılanlara birbaşa aidiyyatı olmayan heç nə maraq oyatmırdı. Onlar üçün görünüşünə görə, birbaşa və ya dolayısıyla kübar həyata aid olanlar o qədər əhəmiyyətsiz idi ki, masa arxasında gedən söz-söhbətin düşük və ən azı aşağı səviyyədə olmasına əmin olarkən, bu qarımış qızların ikisi də, onu öz dəyərli mövzularına yönəldə bilmək iqtidarında olmadıqlarına görə, buna ehtiyac da duymadıqlarına inanırdılar və hər ikisinin eşitmə orqanları bu müddət ərzində səs qəbulunu dayandırırdı, həqiqətdə isə, bu onlarda atrofiyanın – kütləşmənin başlanğıcına çevrilirdi. Əgər babama bu iki bacının diqqətini çəkmək zərurəti yaranırdısa, o, patoloji dalğın şəxslərlə işləyən psixiatrların istifadə etdiyi siqnallara – amansız üsullara üz tuturdu: yəni psixiatrların ya peşə vərdişləri ucbatından, ya da hamını yüngül də olsa, dəli saydıqlarına görə, əl atdıqları üsula – qorxunc qışqırıqlar və baxışlar altında, bıçaqla stəkanı döyəcləməyə əl atırdı.
Svan bizə şam yeməyinə gəlməyə hazırlaşdığı həmin gün ərəfəsində, bacılar üçün bir qutu Asti şərabı göndərmişdi, onlar Svana daha canlı maraq göstərirdilər, odur ki, böyük xalam əlində "Fiqaro"nun nömrəsini tutaraq, orada Koronun sərgidə asılmış rəsminin adıyla yanaşı belə bir cümlə çap edildiyini deyirdi: Cənab Şarl Svanın kolleksiyasından. Və soruşurdu: "Fiqaro"nun Svanı yad etdiyinə fikir vermisinizmi?” – “Mən həmişə demişəm ki, onun yaxşı zövqü var" – deyə nənəm bildirdi. "Əlbəttə, sən nədəsə bizimlə heç razılaşırsanmı?" – deyə nənəmin onunla hər dəfə razılaşmadığını, bizim isə onun tərəfini hər zaman tutmadığımızı bilən böyük xalam ağına-bozuna baxmadan nənəmizin fikrini ittiham etmək cəhdimizi əlimizdən almağa səy göstərdi, bununla da bizi onunla birləşməyə vadar etdi. Amma biz susmağa üstünlük verdik. Nənəmin bacıları "Fiqaro"dakı qeydlə bağlı Svanla danışmaq arzusunda olduqlarını bildirdilər, amma böyük xalam bunu onlara məsləhət görmədi. O, əmin idi ki, hər dəfə öz üzərində lap azacıq da olsa üstünlük görəndə, o adama qibtə etməsin deyə, özündə bunun üstünlük deyil, qüsur olduğunu təlqin edir və o kəsə yazığı gəlir. "Məncə bununla siz ona məmnunluq bəxş etməyəcəksiniz; mənə, məsələn, öz soyadımın qəzetdə tam şəkildə dərc olunması xoş olmazdı, bu barədə mənə kimsə söhbət açsaydı, zərrə qədər də ruhlanıb sevinməzdim". Bir sözlə, ona, nənəmin bacılarını uzun müddət başa salaraq inandırmaq lazım gəlmədi: bayağılığa nifrət üzündən onlar yad ifadələr altında şəxsiyyətə münasibəti elə ustalıqla gizlədirdilər ki, insan çox vaxt nəyə işarə edildiyini bilmirdi. Anam isə yalnız bir məsələ barədə fikirləşirdi: necə etsin ki, Svanın arvadı haqda deyil, ilahiləşdirdiyi, nəhayət, nikaha girmək qərarına gəlmiş qızı barədə onunla danışmağın zəruriliyinə atamı inandırsın: "Ona bir-iki kəlmə söz de, soruş ki, necə yaşayır, bu qədər qəddar olmaq olmaz axı!" Atamsa incidi: "Yox! Qətiyyən! Ağlında nə cəfəng şeylər tutmusan! Bu, sadəcə axmaqlıq olardı."
Bizdə yeganə olaraq Svanı əzab dolu həyəcanla gözləyən mən idim. Məsələ ondaydı ki, bizdə axşamlar qonaqlar olanda, və ya təkcə elə Svan təşrif buyuranda, anam mənim yanıma – otağıma qalxmırdı. Mən hamıdan öncə şam yeməyimi yeyir, sonra qonaqlarla birgə oturmağa gəlir, saat səkkizdə isə, otağıma qalxmalı olurdum; məcbur olub yemək otağından yataq otağına adətən yuxulamamışdan öncə, anamın yatağımda uzananda mənə hədiyyə etdiyi dəyərli, zərif öpüşü aparırdım, əynimi soyunanda çalışırdım ki, o öpüşün kövrəkliyini qoruya bilim, zərifliyi çiliklənməsin, dağılıb buxarlanmasın; onunla ehtiyatlı davranmağın gərəkliyini hiss etdiyim axşamlarda, mən tez-tələsik, tövşüyə-tövşüyə, hamının gözü onündə, vaxtım və daxili azadlığım olmadan belə onu çalıb aparmalıydım, bu zaman, qapını bağlamaqla heç nə haqda fikirləşməyən, tezliklə inamsızlıq xəstəliyinə qapılan və qapının dalını bağlamağı özləri üçün bir növ qələbə sayan manyakların tərzini bu hərəkətimə əlavə etməliydim.
Zınqırov inamsızcasına iki dəfə çalındıqda biz hamımız bağdaydıq. Gələnin Svan olduğunu bilirdik; buna baxmayaraq maraqla o səmtə boylandıq, və nənəni kəşfiyyata göndərdik. "Ona şərab üçün təşəkkür etməyi unutmayın, – deyə babam baldızlarına məsləhət gördü. – Bildiyiniz kimi çox gözəl şərabdı, özü də böyük bir qutu göndərib". "Bircə pıçıldaşmayın! – böyük xalam bildirdi, – evdə pıç-pıç başlayanda adam özünü pis hiss edir". Atam isə: "Aha, Svandı gələn! İndi biz ondan sabah havanın necə olacağı barədə soruşarıq", – dedi. Anam belə qərara gəldi ki, Svanın evliliyindən sonra ailəmizin onun xətrinə dəyərək etdiyi inciklikləri bircə kəlməsiylə aradan qaldıra bilər. Odur ki, bir bəhanə tapıb onu kənara çəkdi. Mənsə anamın arxasınca getdim; elə indilərdəcə ayrılmaq vaxtım çatdığı üçün, onu gözdən qoymurdum və yuxarı, öz otağıma getməkdən ötrü, yemək otağından çıxanda, o biri axşamlarda olduğu kimi onun yanıma gəlib məni öpəcəyi fikriylə təsəlli tapa bilmirdim. "Qızınız haqda danışın, Svan. – deyə anam dilləndi. – Yəqin o, artıq atası kimi gözəl olan hər şeyi sevir". Bu vaxt babam yaxınlaşaraq: "Gedək eyvanda əyləşək," – dedi. Anamın söhbətini kəsməkdən başqa əlacı qalmadı, adətən yaxşı şairləri qafiyə hegemonluğu mükəmməlliyə gətirib çıxardığı kimi, bu maneə onu daha xoşbəxt bir fikrə yönləndirdi. "Biz onun haqqında təklikdə danışarıq, – o, sakitcə Svana dedi. – Sizi ancaq ana başa düşə bilər. Onun da anası eyni fikirdə olmalıdı, mən buna əminəm." Biz dairəvi dəmir masanın arxasında əyləşdik. Çalışırdım ki, öz otağımda yalqızlıqda keçirəcəyim, məni gözləyən həsrət dolu, yuxusuz saatlar haqda düşünməyim; özümü dilə tuturdum ki, bundan ötrü kədərlənməyə dəyməz, çünki sabah artıq bunları unudacam, əvəzində eynən yaxın və qorxunc bir uçurum üzərindən məni dəqiqliklə keçirə biləcək gələcək haqda fikirlərə köklənmək istəyirdim. Amma mənim həddən artıq narahat içim, anama zillədiyim gərgin baxışlarım kimi kənar təəssüratlar üçün əlyetərli deyildi. Oraya düşüncələr daxil olsa da, məni həyəcanlandırmağa və ya hətta güldürməyə qadir olan nə varsa, hamısı kənarda qalırdı. Ağrıkəsən vasitələrin sayəsində heç nə hiss etməyən, amma əməliyyat olunduğunu dəqiq bilən xəstə kimi, zərrə qədər həyəcanlanmadan sevdiyim bir ºeiri ucadan söyləyə bilərdim və ya babamın Svanla hersoq de-Odifre-Pakye[4] haqda söhbətə cəhd etməsini gülümsəmədən müşahidə edə bilərdim. Babamın cəhdi uğursuz oldu. O, Svana bu natiq haqda sual verəndə, bacılarından biri, onun dərin olduğu qədər də susmağa yol verməyən, mane olmağa lütfkarlıq tələb edən sualını eşidərək, o biri bacısına müraciət etdi: "Flora, sən bilirsənmi, mən isveçli gənc bir müəlliməylə tanış olmuşam və o, mənə Skandinaviya ölkələrindəki kooperativlər haqda son dərəcə fövqəladə, maraqlı təfsilatlar danışıb. Onu bizimlə şam yeməyinə dəvət etmək gərək olacaq". – "Hə, əlbəttə! – Flora cavab verdi. – Mən də havayı yerə vaxt itirməmişəm. Venteylinin yanında, Mobanı yaxşı tanıyan, geniş təhsilli bir qocaya rast olmuşam, Moban ona rol üzərində necə çalışdığını müfəssəl söyləyibmiş. Son dərəcə maraqlıdı! Sən demə bu qoca Venteylinin qonşusudu, mənsə bundan xəbərsiz olmuşam. O, çox lütfkardı". – "Təkcə Venteylinin qonşuları lütfkar deyil!" – deyə bacısı Sedina utancaqlığını ört-basdır etsin deyə, gur səslə dilləndi və bu ifadə düşünülmüş olduğuna görə, süni alındı; bu zaman o, Svana özünün də "çoxmənalı" adlandırdığı bir nəzər yetirdi. Bu yolla Sedinanın şərabdan ötrü təşəkkür bildirdiyini anlayaraq, Flora da Svanı nəinki minnətdarlıq dolu baxışlarıyla – həm də istehzayla süzdü, sadəcə Sedinanın fərasətinə işarə edərək, ya bacısını ilhamlandırdığı üçün Svana qibtə etdiyinə, bəlkə də, ona vedrə bağlaya bilmədiyinə görə, özünü məhkəmə qarşısında müttəhim kimi hiss etdiyini bildirdi. "Belə fikirləşirəm ki, bu cənab bizə gəlməkdən imtina etməz – deyə Flora davam etdi. – Sadəcə barələrində söhbətə təkan versən, o, Moban haqda və ya Materna[5] barədə saatlarla danışmağa qadirdi". – "Bu, çox maraqlı olmalıdı", – deyə İsveç kooperativlərinə, Mobanın rol üzərində işləməsinə bədbəxtlikdən maraq hissini itirmiş babam köksünü ötürərək söhbətə qoşuldu, eynən nənəmin bacıları kimi, təbiət ona da bu hissi zərrə qədər qıymamışdı, onsuz isə, hətta Molyenin və ya Paris qrafının intim həyatı haqda hekayətlər duzsuz, şit görünə bilərdi. "Bilirsinizmi, – deyə Svan babama müraciətlə söylədi, – ilk baxışda necə görünməsindən asılı olmayaraq, indi mənim deyəcəklərim sizin sualınıza daha çox aiddi, çünki həyata müəyyən bir baxış bucağından nəzər saldıqda, onun dəyişmədiyi qənaətinə gəlməmək mümkün deyil. Səhər mən Sen-Simonu[6] vərəqlədim və sizin üçün maraq doğuracaq bir yer tapdım. Bu, Sen-Simonun İspaniyada səfirliyi barədə söhbət açdığı cilddədi; bu, onun ən yaxşı cildlərindən hesab olunmur – önünüzdə sadəcə bir gündəlikdi, amma bu gündəlik gözəl yazılıb, səhər-axşam oxumağa özümüzü borclu bildiyimiz darıxdırıcı qəzetlər önündə onun nəhəng üstünlüyü var." – "Mən sizinlə razı deyiləm; bəzən qəzet oxumaq böyük zövq verir..." – deyə Flora nənə Svana aid olan Koronun rəsmi haqda "Fiqaro"nun qeydinə işarə edərək onun sözünü kəsdi. "Bu, qəzetlər bizi maraqlandıran insanlar və hadisələr barədə yazanda elə olur!" – deyə Sedina nənə də onun sözünə qüvvət verdi.
Davamı var
[1] Molye Lui-Matye, qraf (1781-1855) – Lyüdovik Filipp dönəmində baş nazir (1837-1839)
[2] Hersoq Pakye Etyen-Deni (1767-1862) – Lüdovik Filipp dönəmində perlər (yüksək titullu zadəganlar) palatasının sədri
[3] Hersoq de BroyLeons-Viktor (1785-1870) – Lüdovik Filipp dönəmində baş nazir (1835-1836)
[4] hersoq de-Odifre-Pakye (1823-1905) – 1873-cü ildə Tyeranı prezident postundan getməyə məcbur etmiş monarx müxalifətinin liderlərindən biri
[5] Materna Amaliya (1847-1918) – Vaqnerin operalarında çıxış edən Avstriya müğənnisi
[6] Sen-Simon – Lui de Ruvrua, hersoq de Sen-Simon (1675-1755), XIV Lüdovikin saray əyanı, Filipp Orleanskinin naibi, 1691-1723-cü illərdə saray cəmiyyəti mənəviyyatının geniş mənzərəsini əks etdirən "Memuarlar"ın müəllifi.
MilliYol.Az
Digər xəbərlər
loading...