Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai deyib ki, Azərbaycanla yüksək səviyyəli münasibətləri dəstəkləmək Avropa İttifaqı (Aİ) üçün çox vacibdir
N.Nikolai bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi hər iki tərəf üçün yaxşı haldır: “Azərbaycanda Avropa şirkətlərinin fəaliyyət göstərdiyini nəzərə alsaq, Aİ üçün bu, daha yaxşıdır. Hesab edirəm ki, biz hazırda “Şərq tərəfdaşlığı” proqramını dəstəkləməliyik”.
Məruzəçinin sözlərinə görə, “Şərq tərəfdaşlığı”nda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr olmasa, Aİ mehriban qonşuluq siyasətində uğursuzluğa düçar ola bilər: “Əgər biz öz şərq tərəfdaşlarımızla yaxın olmasaq, dünyadan təcrid oluna bilərik”. Digər tərəfdən, Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Aİ və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndərib.
Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Aİ Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini:
- Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;
- Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə, heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;
- Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;- İqtisadi cinayətlərə, o cümlədən, korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən, "Landromat" işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;
- Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;
- Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa çağırır.
Maraqlıdır, bu tövsiyələr nə qədər ədalətlidir və bunlara əməl etmək mümkündürmü? Azərbaycan tərəfi buna əməl etməsə nə olacaq?
Siyasi-şərhçi Azər Qasımlı “Cümhuriyət” qəzetinə şərhində bu tövsiyələrin tamamilə ədalətli olduğunu deyib: “Avropa Birliyinin özünün dəyərləri var. Hər hansı bir birlik yarananda hansısa dəyərlər üzərində yaranır. Bu sadalananlar Avropa Birliyinin əsas dəyərləridir. Burada söhbət hansısa siyasi, hərbi əməkdaşlıqdan söhbət getmir, hərtərəfli əməkdaşlıqdan gedir. Bu özü-özlüyündə böyük bir sazişdir. Bu sazişlə bağlı artıq neçə gündür ki, müzakirələr gedir. Yəni, Avropa Birliyi əgər Azərbaycan kimi ölkələrlə belə bir böyük saziş imzalayırsa, təbii ki, burada əsas prinsiplər öz əksini tapmalıdır. Azərbaycan buna nə qədər uyğundur, bu artıq başqa məsələdir”.
A.Qasımlı hesab edir ki, bu şərtlərə əməl etmək Azərbaycan iqtidarının əlindədir: “Mümkünsüz heç nə yoxdur. Məsələn, ölkədə siyasi məhbus var və hakimiyyət istədiyi vaxt onları azad edə bilir. Yəni, bu məsələdə heç bir problem yoxdur. Digər məsələlər də eyni şəkildə, azad və ədalətli seçkilərin keçirilməsi, hüquqi dövlətin yaradılması mümkündür. Sadəcə olaraq buna istək lazımdır. Onu da qeyd edim ki, bu təklif bir başlanğıncdır. Düşünürəm ki, Azərbaycan iqtidarı ilk növbədə siyasi məhbus problemini həll etsə, Avropa Birliyi bu sazişi imzalayacaq. Sazişdə olan digər məsələlərlə bağlı isə sonra da Azərbaycanla müəyyən müzakirələri davam etdirmək olar. Yəni, əsas olaraq ilk addımı Azərbaycan tərəfi atmalıdır. Siyasi məhbuslar azad olunmalıdır. Çünki bu, ilk növbədə insan həyatıdır. Hansısa məhkəməni, azad və demokratik seçkini keçirmək olar. Amma siyasi məhbuslar və ailələri əziyyət çəkir”.
Azər Qasımlının sözlərinə görə, əgər bu tövsiyələrə əməl olunmasa, Azərbaycan Avropa Birliyinin strateji partnyorluğundan çıxaraq, adi bir ölkə səviyyəsinə gələcək: “Ermənistanla Avropa Birliyi arasında olan razılaşmanın artıq ratifikasiya olunduğunu nəzərə alsaq, bu, o deməkdir ki, ermənilər xarici siyasətdə bizdən bir addım öndə olacaq. Bu Qarabağ probleminin həllində heç də müsbət gedişat olmayacaq. Demirəm ki, Avropa Qarabağın müstəqilliyini tanıyacaq və yaxud Azərbaycanın maraqlarına zidd addım atacaq. Bu, o deməkdir ki, proses yavaş-yavaş ona doğru gedə bilər. Azərbaycan müttəfiq qazanmaq yerinə, itirmiş olacaq. Bunun xarici siyasətdə ən böyük zərəri bu ölkə olacaq. Daxildə də məsələ aydındır. Azərbaycan tam qeyri-demokratik bir ölkələr siyahısnda qalacaq. Bu sazişdən imtina daxili siyasətdə bizə heç nə qazandırmır. Qəbul etsək, bütün bunların müsbətə doğru dəyişməsi ehtimalı yaranacaq”.
Digər xəbərlər
loading...