Əməkdar artist Naibə Allahverdiyeva rejissor Nail Naiboğlunun “Stop” verilişinin qonağı olub
Axşam.az-ın məlumatına görə, aktrisa ailə həyatından bəhs edib:
“Dünyaya gələndən sonra atam və anam ayrılıb. Bibimin yanında böyüməli olmuşam. Özümü tanıyandan sonra bizə bir xanım gəlir, mənə çoxlu paltarlar alıb gətirirdi. Çox gözəl idi, ondan xoşum gəlirdi. Mənə deyirdi ki, sənə nə bişirim, nə alım gətirim? Elə bilirdim bibimin rəfiqələrindəndir, ya uzaq qohumdur. Sonradan qulağıma oxudular ki, bu sənin anandır. Hardasa 9 yaşında bildim ki, anamdır. Onun yolunu gözləyirdim. Anam rəhmətə gedib artıq, 2 ildir. Biləndən sonra o anamdır, çəkinməyə başladım. Yaxın getmirdim, amma yolunu gözləyirdim. Bir dəfə məktəbdə dedilər ki, Bilqeyis xalan gəlib. Onda da qış vaxtı idi. Bibimlə Yevlaxda yaşayırdıq onda. Müəllimdən icazə aldım ki, icazə ver evə gedim, xalam gəlib. İcazə vermədi. Səs küy salırdım ki, müəllim məni dərsdən çıxartsın. Çıxdım qaça-qaça evə sarı gedəndə sürüşdüm yıxıldım ayaqlarım qan içində idi. Gəldim baxdım üzünə dedim anam hanı? Dedi, işdə. Məni qucaqlayanda onu itələdim. Gəldim başqa otaqda oturdum başladım ağlamağa. Dediyinə görə atam ona xəyanət etmişdi. Böyüyəndə anamla mübahisə edirdim ki, niyə ayrıldın. Kişilərin hamısı xəyanət edir, niyə dözmədin, axı uşaqların var idi. Biz niyə başqa yerlərdə böyüməli idik ki?".
Keçmiş həyat yoldaşı ilə bağlı suala isə N.Allahverdiyeva cavab vermək istəməyib:
"İndi sevib ailə qurmuşam. Amma birinci həyat yoldaşımı sevməmişdim, o məni sevmişdi. O kitabı bağlamışam, stop demişəm. Fikirləşmək istəmirəm. O dövr mənim üçün rəngini itirib. O kitabı vərəqləmək istəmirəm".
Ruhi xəstəxanada müalicə alması xəbərini isə aktrisa inkar edib:
“Artistlərin hamısı dəlidir. Ümumiyyətlə, bütün dahi insanlar dəlidirlər. Dahi yazıçılara, aktyorlara baxın. Mən də onlara belə cavab verirəm. Amma onların dəliliyi insanlara gözəlliklər bəxş edir. Mən sənətin xəstəsiyəm. Heç bir ruhi xəstəxanada yatmamışam. Yatsaydım, onun sənədini göstərə bilərdilər. Onu yazan adam əsəb xəstəliyi ilə psixoloji xəstəliyi səhv salır. Ağıllı olub başqasının dərdini çəkməkdənsə, dəli ol sənin dərdini çəksinlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...