Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına ictimiyyətin diqqət mərkəzində olan qalmaqallı dələduzluq işinin materialları verilib
AzEuroNews.com xəbər verir ki, işdə Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı keçir. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına Həbib Axundovun dostu, şəriki Elnur İbrahimov çıxarılacaq.
2014-cü ildə baş verən cinayət əməli haqda mətbuatda ötən 4 ildə kifayət qədər yazılıb. İş üzrə əsas zərərçəkən şəxslərdən biri Fərman Məmmədovdur.
Məhkəmə öncəsi baş vermiş olayla bağlı onun fikirlərini öyrəndik.
Fərman Məmmədov Elmira Axundova ilə tanışlığının tarixçəsindən danışarkən dedi ki, vaxtilə, deputat olmamışdan illər əvvəl onun barəsində təşviqat məqaləsi yazıb. Beləcə 24 il əvvəl Fərman Məmmədov Elmira Axundova ilə tanış olub:
– Mən deputatlığı namizəd olanda Elmira Axundova sıravi mətbuat nümayəndəsi idi. Mənim seçki kampaniyamı işıqlandırmışdı. Beləcə normal münasibətlərimiz yaranmışdı, onun ailə tədbirlərində iştirak edirdim. O da, bizim ailə məclislərimizə qatılırdı. İllərlə bir-birimizin çətin-yaxşı günlərində yanaşı addımlamışdıq. Onun oğlu Həbib Axundov mənim dizimin üstündə böyüyüb. Heç ağlıma gəlməzdi ki, bir gün Həbib Axundov mənə qarşı belə bir addım atar, anası Elmira Axundova da ona qoşular.
– Nə baş verib?
– 2012-ci ilin sentyabrında Elmira Axundovanın evində idim. Oğlu Həbib Axundov dedi ki, anam tenderlər udub, mən dostum Elnur İbrahimovla işbirliyi qurmuşam. Elnur onların ailəsinin yaxını idi, Həbibin uşaqlıq dostu idi. Həbib dedi ki, Elnur onun anasının udduğu tender çərçivəsində dövlət qurumlarına – məhkəmə sistemi, Müdafiə Nazirliyinə, Milli Məclisə ofis ləvazimatları, əsasən katric verəcək. Buna qədər Elmira Axundovanın kimlərəsə tenderləri udmaqda köməklik etməsini bilirdim. Ona görə də Həbib Axundovun sözləri mənə şübhəli gəlmədi. Həbib deyirdi ki, Dubaydan ofis ləvazımatlarını o gətirəcək. Deyirdi ki, sifarişləri həddən artıq çoxdur. Əllərində olan pulları biznesə yatırıblar, amma ona yenə də çoxlu pul lazımdır.
– Sizdən pul istədi?
– Təklif etdi ki, ona müəyyən vaxta – 5-10 günlük borc pul verim. İllərlə evlərinə gedib-gəlmişdim. Elmira Axundovaya inamım vardı deyə oğlu Həbibə 10 min manat pul verdim. Buna qədər də Həbib məndən 3-4 min manat başqa məqsədlər üçün borc alıb qaytarmışdı. Ona görə də 10 mini də, belə demək mümkünsə, düşünmədən verdim.
-Sonra həmin məbləği qaytardı?
– Hə, dediyi vaxtda da pulu qaytardı. 2-3 gün sonra yenə də gəlib pul istədi. Beləcə hər dəfə pul alıb vaxtında qaytarırdı. Bu iş belə davam etməyə başladı və hər dəfə Həbib məndən daha artıq məbləğ alırdı. Elmira Axundova özü də bu işə pul qoymuşdu. Hər halda özü belə deyirdi. Hamının yanında deyirdi ki, görürsüz, oğlum işləyir, pul verin, dövriyyə böyüsün, siz də qazanın, biz də. Yəni mən tam olaraq inanmışdım ki, Həbib iş görür, məndən aldığı pullar işə yatırılıb. Elmira Axundova özündən başqa 2 rəfiqəsini də bu işə cəlb etmişdi. Onlar da Həbib Axundova pul vermişdilər. Elmira Axundovanın bu haqda səs yazısı da var və mən həmin səs yazısını istintaq da təqdim etmişəm. Evlərində tədbirlərdə iştirak edəndə Elmira Axundova deyirdi ki, oğlum yaxşı iş qurub, kimin pulu varsa, gətirib onlara versin, Həbib işi genişləndirsin.
– Hansı işdən söhbət gedirdi?
– Həbib deyirdi ki, Dubayda müsadirə edilən katriclər var, onları alıb Bakıya yollayacaq, Elnur yerbəyer edəcək, yəni satacaq. Həbibin, anasının dediklərindən belə anlaşılırdı ki, Elnur İbrahimov iş icraçısıdır.
– Maraqlanırdız ki, katrici haradan alıb hara satırlar?
– Yox, maraqlanmırdım. Mən Elmira Axundovaya inanırdım. Başqa necə ola bilərdi, özümü ailənin üzvü hesab edirdim. Ona görə də Həbib Axundov pul istəyəndə bir gün mənə qarşı dələduzluq edəcəyini düşünmürdüm. Həbib də demişdi ki, Dubayda müsadirə olunan katricləri gətirib satır deyə Bakıda hər kəsdən ucuz katric onda olur. Evlərində olanda da danışırdı ki, bp-yə filan qədər mal verdik, Müdafiə Nazirliyinə filan qədər katric göndərdik.
– Yəni sizdə təsəvvür formalaşmışdı ki, işləyirlər?
– Hə, ona görə də Həbib pul istəyəndə verirdim.
– Ümumilikdə sizdən nə qədər pul alıblar?
– Həbib Axundov məndən 575 min manat pul alıb. Həmin pulun 250 min manatını anası
–Pulu sizdən Həbib Axundov alıb, amma anası qaytarıb. Səbəb nədir?
– 2013-cü ilin may-iyun aylarında Həbib Axundov məndən işə qoymaq adı ilə aldığı pulları qaytarmamağa başladı. Deyirdi ki, işdə problemlər yaranıb. Mən pulumu Həbib Axundovdan tələb etdim. O, Elnur İbrahimovla aralarında bağlanmış bir müqavilə gətirib göstərdi. Dedi ki, məktəblər sentyabrda açılacaq, işlər yaxşı gedəcək, ofis ləvazımatları yaxşı satılacaq və pulumu qaytaracaq. 2013-cü ilin iyulun 31-də isə Həbib Axundov mənə dedi ki, bu iş piramidadır, piramida dağılıb. Amma bunun sizə dəxli yoxdur. Mən sizə necə demişəmsə, elə də pulu qəpiyinəcən qaytaracağam. Avqustun 6-da isə Elnuru Qəbələyə “Qafqaz hotel”də olan Elmira Axundovanın yanına aparıblar. Həmin görüşdən 3 gün sonra isə Elnur Gürcüstana, oradan da Moskvaya qaçırılıb. Bunu mən sonralar bildim.
– Elmira Axundova ilə pulunuzun qaytarılması ilə bağlı danışdız?
– Əlbəttə ki, danışdıq. 2013-cü il avqustun 8-də Elmira Axundova mənə dedi ki, Həbib və Elnurla gedin oturun, səndən nə qədər pul alıblar, nə qədər qaytarıblar haqq-hesab edin. Sizə – yəni mənə verilməli olan məbləği konkretləşdirin. Belə də oldu. Elmira Axundova ora öz ailəsinin adından Rəşidi Həbiblə Elnura qoşub göndərmişdi. Söhbət etdik, belə razılığa gəldik ki, gəliri çıxmaq şərti ilə mənə 450 min manat qaytarırlar.
– Elmira Axundova da bu söhbəti bildi?
– Bəli, bütün söhbətlər onun göstərişi ilə oldu, Rəşidi də o özü göndərmişdi.
– Pulu sizə Elmira Axundova qaytardı?
– Elmira Axundova mənə pulun 250 min manatını 2014-cü ilin aprelində özünün evndə şəxsən qaytarıb. Dedi ki, qalanını da verəcəklər.
– Verdilər?
– Yox, 2 ay sonra mən Həbib Axundovla əlaqə saxladım. Pulun qalan hissəsini nə vaxt qaytaracaqları ilə maraqlandım. Dedi ki, sənin pulunu qaytarmışıq, daha mənə zəng eləmə, get hara istəyirsən şikayət elə.
– Anasına oğlunun razılığı pozması haqda dediz?
– Elmira Axundovaya zəng elədim, onunla görüşmək istədim. Dedi ki, şəkər xəstəliyi var, mənimlə bu haqda danışmaq istəmir. Təxminən oğlunun dediklərini təkrarladı. Dedi sənin əlində bir sənədin yoxdur. Get kimə istəyirsən de, şikayət elə. Mən ortaq dostlarımız vasitəsi ilə 1 ilə yaxın məsələnin həll edilməsinə cəhd göstərdim. Hüquq mühafizə orqanlarına şikayət eləmədim. Amma alınmadı. Həmin günlərdə bildim ki, Həbib Axundov anasının rəfiqələrinin pulunu qaytarıb.
– Siz hüquq mühafizə orqanlarına nə vaxt müraciət etdiniz?
– Mən hüquq mühafizə orqanlarına müraciət etməmişəm.
– Bəs işdə adınız zərərçəkən kimi keçir axı?
– Məni Həbib Axundovun şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə məcburi gətirilmə etdilər. Baxmayraq ki, məni heç vaxt Baş Polis İdarəsinə rəsmi dəvət edən olmamışdı. Müstəntiq Ramin Məhərrəmov dedi ki, bu işlə bağlı mətbuatda açıqlamalar vermisən. Məndən ifadə aldı, pulu kimə, nə vaxt, harada verdiyimi öyrənib protokollaşdırdı. Həmin gün gecə 12-yə qədər Baş Polis İdarəsində saxladılar. Zərərçəkən kimi tanıdılar. Orada öyrəndim ki, Həbib Axundovu da iş üzrə zərərçəkən kimi tanıyıblar.
– Onu niyə zərərçəkən kimi tanıyıblar?
– Bunu Həbib Axundov özü deməlidir. Çünki Həbib Axundov Elnur İbrahimov Azərbaycandan qaçmamışdan əvvəl onu işçisi kimi təqdim edirdi. Elnur İbrahimov Həbib Axundovun anası Elmira Axundovanın yubileyində iştirak edib, Şüvəlandakı bağ evlərində tez-tez olurdu. Onların evlərinin daimi sakinlərindən idi. Ölkədən qaçırılana kimi də Elnur Həbib Axundovla bir yerdə olub. Bu gün mənim iş üzrə zərərçəkən kimi tanınmağım da qanunsuzdur.
– Niyə?
– Çünki mən Elnur İbrahimova qarşı hər hansı bir iddiam, tələbim yoxdur, onun barəsində şikayət ərizəsi də yazmamışam.
– Bəs sizi iş üzrə zərərçəkən kimi necə tanıyıblar?
– Mən hüquq mühafizə orqanlarına müraciətlərimdə Həbib Axundovun məndən aldatma yolu ilə pul aldığını yazmışam, araşdırılmasını istəmişəm. Amma Həbib Axundovun tələbi ilə məni Bakı Baş Polis İdarəsinə məcburi aparıb zərərçəkən kimi tanıyıblar. Elnur İbrahimovu da təqsirləndirilən şəxsə çeviriblər. İstintaqda da demişəm, bir daha qeyd edirəm ki, mən Elnur İbrahimovdan şikayətçi deyiləm, olmamışam. Çünki məndən pulu alan Həbib Axundovdur.
– Onun tələbi ilə məcburi polisə aparılmağınızdan şikayətçi olmusuz?
– Bu hələ harasıdır. Onun anası Elmira Axundova mənə pulumu qaytarmaq əvəzinə o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudova özünün deputat blankında böyük bir şikayət yazmışdı. Guya mən Həbib Axundovu narahat edirəm, onları şantaj edirəm. 2015-ci il iyunun 6-da mənə MTN-dən zəng elədilər və ora dəvət etdilər. Axşamtərəfi 4-də MTN-ə getdim. Məni Vüqar adlı mayor çağırmışdı. Getdim, dedilər ki, Elmira Axundova məndən şikayət edib. Az sonra Həbib Axundov da ora gəldi, ayağını-ayağının üstünə aşırıb oturdu. Gecə saat 12-yə qədər araşdırma apardılar, dedilər ki, rəhbərliyin göstərişidir, araşdırma başa çatmasa məni oradan buraxmayacaqlar. Deyirdilər ki, guya Elmira Axundovanı şantaj edirəm, ondan pul tələb edirəm. Həbib də anasının yazıdıqlarını təsdiqləyirdi. Mən də dedim ki, Elmira Axundovaya qarşı hər hansı bir qərəzim yoxdur, öz pullarımı istəyirəm. Elmira Axundovanın mənə qarşı dedikləri şər və böhtandır. Vüqar adlı mayor dedi ki, hər hansı bir sübutum varmı? Cavab verdim ki, var.
– Hansı sübtlardan söhbət gedir?
– Elmira Axundova ilə aramızdakı danışıqların səs yazılarını təqdim etdim. MTN-də həmin yazılara Həbib Axundovun yanında qulaq asdılar. Həmin səs yazılarında isə Həbib Axundovun, onun anası Elmira Axundovanın mənə borclu olmalarının etiraf etmələri, pulumu qaytaracaqları, bu işdə günahkar olduqları açıq-aydın vardı. Həbib Axundov həmin səs yazılarına qulaq asanda ayağını ayağının üstündən götürüb yerə qoymuşdu, özü də qızarıb nə deyəcəyini bilmirdi. Vüqar adlı mayor onu qabağına salıb özü ilə apardı. Sonra da qayıdıb gəldi. Məndən pulu Həbib Axundovun hansı adla alması haqda izahat aldılar və Elmira Axundovanın barəmdə cəfəngiyyat yazdığı bilindi. Məsələni rəhbərliyə məruzə olundu və məni MTN-dən azad etdilər.
– Orada qanunsuz saxlanılmağınızla əlaqədar şikayət etdiz?
– Etməmişəm. Bütün bu işləri mənə qarşı Elmira Axundova ona göstərilən etimaddan sui-istifadə edərək törədib. Bu barədə Baş Prokurorluğa yazılı bildirmişəm.
– Məhkəmədə işirak edəcəksiz?
– Bəli, iştirak edəcəyəm. Hesab edirəm ki, ibtidai istintaq çox səthi aparılıb, ümid edirəm ki, məhkəmə ətraflı araşdırma aparıb əsl günahkarları Elnur İbrahimovun yanında əyləşməsini təmin edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...