Ermənistanda qəribə vəziyyət yaranıb. Hazırda parlamentin yarısından çoxunu əlində tutan partiya (ERP) müxalifətdə, azlıqda qalan siyasi qüvvə isə iqtidardadır
Ermənistanın indiki hökuməti ilə keçmiş iqtidar partiyası arasında münasibətlər o dərəcədə pisdir ki, baş nazir Nikol Paşinyan hər hansı problem çıxdıqda küçədəki tərəfdarlarının yardımından istifadə etməyə məcbur olur.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, erməni politoloqlarının ümumi rəyinə əsasən bu vəziyyət parlamentə yeni seçkilər keçirilənə qədər davam edə bilər.
Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, Nikol Paşinyanla müxalif Respublika partiyası arasında ziddiyyətin dərinləşməsi labüddür. Lakin politoloq ERP-nin “məxməri” inqilab sayəsində öz təsir və nüfuzunu xeyli dərəcədə itirdiyini düşünür. Onun gücü yalnız parlamentin divarları arasında qalıb. Belə bir şəraitdə isə hökumətin təkliflərinə qarşı durmaq olduqca çətindir.
“Paşinyanın Serj Sərkisyanın fraksiyasının bir hissəsinin dəstəyinə ehtiyacı var. Buna görə də parlamentdə onlarla razılaşmaq lazım gəlir. Lakin ERP-yə parlament xaricindən də təzyiq göstərmək olar. Buna Paşinyan mayın 2-də küçələrin gücündən istifadə etmək yolu ilə nail olmağın mümkünlüyünü göstərib”, - deyə A.İsgəndəryan qeyd edib.
Politoloqun fikrincə, bunun nə qədər davam edəcəyini müəyyən etmək çətindir: “Hər şey yeni seçkilərin nə vaxt keçiriləcəyindən, Nikol Paşinyanın reytinqinin nə dərəcədə qalacağından, onun hansısa səviyyədə institusional dəstəyə malik olub-olmayacağından asılıdır”.
MDB institutunun Ermənistan filialının rəhbəri, politoloq Aleksandr Markarov da yeni hakimiyyətin bundan sonra da küçə hərəkatının potensialından istifadə edəcəyini düşünür.
“Paşinyan bunu parlamentdə heç kimin inqilabın artıq bitdiyini düşünməməsi və qanunverici hakimiyyətdə yarıdan çoxluğu əlində tutan qüvvənin qoyduğu qaydalarla oynamayacağını göstərmək üçün edəcək”, - Markarov “Kavkazkiy uzel” saytına bildirib.
Qafqaz institutunun elmi əməkdaşı Armen Kazaryan Ermənistanda hökumət və parlament arasında münasibətlərin kompromis əsasında qurulacağını söyləyib. Lakin onun fikrincə, zərurət halında N.Paşinyanın əlindəki ən təsirli silaha, küçə təzyiqlərinə yenidən müraciət etməsi istisna olunmur. Respublikaçıların müqavimətinə rəğmən Nikol Paşinyan və onun komandası ölkədə hakmiyyəti tam olaraq ələ ala bilər.
“Küçələr üzərində nüfuz Nikol Paşinyana daha çox legitimlik bəxş edir. Lakin bu, sona qədər davam edə bilməz. Çünki Paşinyan hər addımında siyasi kapitalını xərcəyir və bu krediti seçkilərə qədər saxlamaq məcburiyyətindədir”, - deyə Kazaryan bildirir.
Erməni siyasi ekspertlərinin rəyinə görə, belə bir vəziyyətdə ERP-yə revanş almaq üçün vaxtı mümkün qədər uzatmaq lazımdır.
Politoloq Aleksandr Markarovun fikrincə, respublikaçılar öz təsir və nüfuzunu saxlamaq üçün bundan sonra da mübarizə aparacaqlar. Bunun üçün partiyanın əlində normal ölkələrdəki müxalifətin əlində olan bütün vasitələr var. Buraya həm iqtisadi, həm informasiya, həm inzibati, həm də parlament resursları daxildir.
Armen Kazaryan isə respublikaçıların gözləmə mövqeyi seçdiyini güman edir: “İndiki anda Nazirlər Kabinetinin istənilən təşəbbüsünün - bu, istər proqram və ya qanunvericik layihəsi olsun, rədd edilməsi respublikaçılara sərf etməz. Onlar növbədənkənar seçkilərə daha yaxşı hazırlaşmaq üçün vaxtı uzatmağa çalışırlar. Eyni vaxtda hökumətin büdrəyəcəyini də gözləyirlər”.
Politoloq Stepan Səfəryan isə parlament azlığının hökumət qurduğu situasiyalarda hökumətin fəaliyyətinin olduqca zəiflədiyini və bunun respublikaçılara revanş almaq üçün əlavə imkanlar verdiyini vurğulayıb: “Cəmiyyət özü bu situasiyadan bezə və onun sabitləşdirilməsi tələbilə çıxış edə bilər. Bu isə növbəti siyasi böhranı özü ilə bərabər gətirəcək. Hadisələrin bundan sonrakı inkişafını söyləmək çətindir. Lakin Nikol Paşinyanın yenidən küçə hərəkatını bərpa edə edəcəyini istisna etmək olmaz”.
S.Səfəryanın fikrincə, ERP parlamentdəki çoxluqdan istifadə edərək Nikol Paşinyanın istədiyi ssenari ilə növbədənkənar seçkilərin keçirilməsinə mane ola bilər.
“ERP-yə partiyanın imicini dəyişdirilməsi və yenidən təşkilatlanmaq üçün vaxt lazımdır”, - deyə Səfəryan vurğulayır.
MilliYol.Az
Digər xəbərlər
loading...