Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb
MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb.
2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17636 nəfər, 2015-ci ildə 24530 nəfər, 2016-cı ildə 26129 nəfər olub.
2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva da bildirib ki, əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemə indi azyaşlı uşaqlarda da rast gəlinir.
Onun sözlərinə görə, son 10 ildə 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikada iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.
Y.Abdiyevanın sözlərinə görə, əvvəllər tədqiqatçılar bunun əsas səbəbini uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticəsi isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur.
Y.Abdiyeva deyib ki, uşaqların gün ərzində dərs oxuması üçün yaxın məsafəyə çox baxması, dərsdən sonra televizor, kompüter, telefonlarla çox vaxt keçirməsi də gözlərdə problemin yaranmasına səbəb olur. Çünki yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına, nəticədə isə görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Mütəxəssis hesab edir ki, uşaqlarda göz problemlərinin olmaması üçün onların idmanla məşğul olmasına, açıq havada olmasına şərait yaradılmalı, onların düzgün qidalanmasına diqqət yetirilməlidir.
Y.Abdiyeva bildirib ki, məktəbəqədər dövrdə uşaqlar yaxıngörməyə səbəb olan kitab oxuma, məktəb tapşırıqlarına hazırlaşma kimi işlərlə məşğul olmadıqlarına görə onlarda gözün yüklənməsi daha az olur. Uşaq məktəbə getməyə başladığı zaman isə adətən, gözdəki proseslər mənfiliyə doğru dəyişməyə başlayır.
Həkim hesab edir ki, gündəlik altı-səkkiz saat dərslərlə məşğul olan məktəblidə görmə zəifliyinin əmələgəlmə riskini kompüter də bir yandan ciddi şəkildə artırır.
Onun sözlərinə görə, məktəb dövrü uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi defektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu mərhələdə gözlər çox yüklənir.
Y.Abdiyeva bildirib ki, yaxın görmə prosesləri - televizor, mobil telefon, planşet və kompüterlərə baxmaq göz xəstəliklərinin ciddi şəkildə artmasına səbəb olur. Məktəbəqədər dövrdə uşaqların gündəlik yarım saatla bir saat arasında kompüter, telefonla məşğul olmasına icazə verilirsə, məktəb dövründəki uşaqlar üçün bu müddət yarım saatdan çox olmamalıdır.
Mütəxəssis əlavə edib ki, ümimiyyətlə, uşaqlarda ilk göz müayinəsi ilk doğulan anda doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli hal olarsa, uşaq dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Bir problem olmadıqda isə uşaqların göz müayinələri 1, 3, 5 və 7 yaşlarda aparılmalıdır:
"Hər uşağın gözüylə əlaqədar şikayətlərini ifadə etmədiyini, bəzi uşaqların bu cür problemlərini demədiklərini, bu vəziyyətin xüsusilə də, birinci və ikinci sinif uşaqlarında tez-tez görüldüyünü nəzərə alsaq, məktəbdə müəllimlərə də bir vəzifə düşür. Müəllimlər uşaqların göz müayinəsindən keçmələrinin lazım olması barədə uşaqları məlumatlandırmalıdırlar. Məktəblərdə uşaqların daha yaxşı işıqlandırılmış otaqlarda dərs keçmələrini təmin edilməli, müəllimlər uşaqların nəzərinə kitaba 30-35 sm məsafədən baxmalarının təmin edilməsinin göz sağlamlığı baxımından lazımlı olduğu diqqətə çatdırmalıdırlar".
Y.Abdiyeva uşaqlarda ən çox rast gəlinən göz xəstəliklərinin adlarını da açıqlayıb.
Onun sözlərinə görə, bunlar gözün qırpma qüsurları (miopiya, hipermetropiya və astiqmatizm), cəplik, göz tənbəlliyi, ptoz, iltihabi xəstəliklər, burun-göz yaşı kanalı tutulmaları, göz qapağında olan törəmələr və s., anadangəlmə katarakta və s.-dir. Uşaqlarda göz xəstəliklərinin əlamətləri, gözləri qıymaq, televizora yaxından baxmaq, cisimləri gözə yaxın tutmaq, çəplik, gözlərin qızarması, sulanması, göz qapaqlarının şişməsi, baş ağrısı və s.-dir.
Y.Abdiyeva əlavə edib ki, uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri olan miopiya uzağı görə bilməmə halıdır. Uzağı çətinliklə və qeyri-kafi görən uşaq öyrənmədə çətinlik çəkir. Bu, onda mətnin axıcı oxuması və tez dərk etməsinə maneə törədir, diqqət əskikliyi sindromu müşahidə edilir.
Yüksək hipermetropiya zamanı uşaqlarda göz tənbəlliyinə səbəb olma riski olur. Uşağa gözündəki qüsura uyğun olaraq, eynək taxmaqla müalicə edilə bilər. İki göz arasında göz qüsurunun çox olduğu zaman gözdə kontakt linza taxılması idealdır.
Eynək taxmağa səbəb olan astigmatizm genetik xüsusiyyət olaraq da özünü göstərə bilir. Bu göz xəstəliyi uzaq, yaxın və ya hər iki məsafədə olan görməyə təsir edə bilər. Xəstəliyin müalicəsi uyğun nömrədə eynək verilərək edilir:
"Gözdə ən çox rast gəlinən infeksiyalar soyuqdəymədən yaranır. İnfeksiyanın təməlində uşaqdakı allergik faktorlar və kirpikdibi iltihablar ola bilər. Allergiya ilə başlayan göz soyuqdəyməsi zamanı gözün əllə qaşınması bakteriya və virusların çoxalmasına səbəb olur. Gözdə illərlə davam edən allergiya zamanı soyuqdəymə səbəbindən "keratokonus" xəstəliyi də yarana bilər. Bu xəstəliyin əlamətləri gözdə batma, yanma, qaşıntı hissinin olması, göz sulanmasının olmasıdır. Xəstəliyin müalicəsi zamanı mikroba görə müalicənin edilməsi və allergik faktorların aradan qaldırılması lazımdır".
Y.Abdiyeva bildirib ki, gözdə itdirsəyi xəstəliyi əldən, dəsmaldan ya da hovuz suyundan mikroba yoluxmaqla meydana gələ bilər. Xəstəliyin əsas səbəblərdən biri kirpikdibi iltihabı vacib sayılmalıdır. Xəstəliyin əlamətləri göz qapaqlarında şişlik, ağrı ola bilər. Müalicəsində göz qapağı gigiyenasının təmini məqsədilə təmizləmə salfetlərindən, ilıq sarğı və antibiotik damcılardan istifadə edilir.
Digər xəbərlər
loading...