"Cahangir Hacıyev və yaxınlarına kredit ayrılması barədə özbaşına qərar verməmişəm. Mən Cahangir Hacıyevin və bankın İdarə Heyətinin qərarlarını icra etmişəm".
MilliYol.Az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu 2004-2010-cu illərdə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Mərkəz filialının müdiri olmuş Anar Sultanov avqustun 26-da məhkəmədə ifadəsində deyib. O, bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və daha altı nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
A.Sultanovun rəhbərliyi dövründə Mərkəz filialdan C.Hacıyevin özü, həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova (keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini-red.), sürücüsü Aydın Mehdiyev və digərlərinə kreditlər verilib.
«FİLİAL TEXNİKİ ROL OYNAYIRDI»
A.Sultanov ifadəsində deyib ki, o, adamlara kredit ayrılması barədə İdarə Heyətinin qərarlarını yerinə yetirib: «Qaydalara görə, filial özü təminatsız 2 min, təminatlı 5 minə qədər kredit verə bilərdi. Bundan yuxarı məbləğlərlə bağlı Kredit Komitəsinin, İdarə Heyətinin qərarları olmalıydı. Baş İdarə qərar verəndən sonra filial bu məsələdə texniki rol oynayırdı».
İş materiallarına görə, C.Hacıyevin sürücüsü Aydın Mehdiyevin adına kredit verilərkən imzalar saxtalaşdırılıb. A.Sultanov da bunda günahlandırılır. Lakin o, həmin ittihamı qəbul etməyib: «Mən sənədləri Baş İdarəyə göndərmişəm, orada imzalanıb».
C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var.
MilliYol.Az
Digər xəbərlər
loading...