Dövlət İmtahan Mərkəzi rus bölməsinin abituriyentlərinə müraciət edib.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən rus bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentlər mayın 18-dən 29-dək ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.
Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri 10 iyun tarixində keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak edə biləcəklər. Yəni bu abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.
Qeyd edək ki, kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 6-dan avqustun 6-dək qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq
DİM-in daha bir müraciəti isə aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentlərinədir.
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahan iyunun 10-da keçiriləcək.
1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş, lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılır.
Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Digər xəbərlər
loading...