Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb
Minval.info xəbər verir ki, Xaləddin İsgəndərov 2012-ci ildən bəri bu vəzifəni yerinə yetirirdi. Onun fəaliyyəti dövründə mətbuatda onun barəsində tez-tez müxtəlif iddialar səslənir, villalarının, obyektlərinin şəkilləri yayılırdı.
2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişməsindən sonra onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi.
Sabiq icra başçısının fəaliyyəti dövründə Binəqədi rayonu nə qədər “Təmiz” adlandırılmağa çalışılsa da, yenə də bir çox nöqsanlar özünü göstərib. İsgədərovun adı əhalinin asudə vaxtı üçün salınmış parkı bir İsmayıl adlı bir sahibkara satması ilə hallanıb.
Yerli mətbuatda yazılıb ki, Binəqədi rayonu 8 mkr ərazisində yerləşən “Qızıl gül” restoranının yanındakı yaşıllığı məhv edib, 300 min AZN-ə yeni bir yaşayış binasının tikintisi üçün satılıb.
Həmçinin Binəqədi rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi zamanı böyük miqdarda yeyintilərin olduğu iddia edilib. Xaləddin İsgəndərovun vəzifəsini icra etməyə başladığı gündən Binəqədi yollarında tikinti işləri aparılır. Ancaq keçən illər ərzində hələ ki avtomobil yolu hazır olmayıb. Yəqin ki, Bakının ən problemli avtomobil yolları Binəqədi rayonu ərazisində yerləşir.
İddia olunur ki, bu ilin əvvəlindəki araşdırmalar zamanı təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənildiyi bəli olub. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.
Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdırılıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib.
Yəni iddia edilir ki, park dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.
Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb.
Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib.
Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi iddia edilir.
Həmçinin, Xaləddin İsgəndərovun Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verdiyi iddia olunurdu. Yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alındığı və mənzillərin bölgüsü şəffaf aparılmadığı da barədə də şikayətlər gündəmdə yer alıb.
Bu ilin mart ayında Minval.info Xaləddin İsgəndərovun işindən azad olunacağı barədə məlumat yaymışdı. Hətta iddia edilir ki, Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən hazırlıq görülür.
MilliYol.Az
Digər xəbərlər
loading...