Sergey Manukov
expert.ru, 17.05.2018
Avropa şirkətləri iranlılarla əməkdaşlığı davam etdirənləri cərimə və digər cəzalarla hədələyən Con Boltonun bu günlərdəki bəyanatından sonra İİR-də fəaliyyəti yığışdırmaqla reaksiya verib.
Yəqin ki, Avropa biznesi Avropa siyasətçilərinə çox da bel bağlamır. Ən azı, söhbət ABŞ-la münasibətlərdən və xarici siyasətdə Avropanın müstəqilliyindən gedəndə. Avropa Birliyi artıq dəfələrlə güclü sırtıqla (Amerikayla) üzləşərkən öcəşkənin ünvanına bir-iki hədə gələn incik körpə görkəmi alıb, amma bütün reaksiyası bununla da qurtarıb. İndi də oxşar durum meydana çıxıb. Donald Tramp İranın nüvə proqramı üzrə sazişdən ABŞ-ın çıxdığını bildirib və Avropa şirkətlərinə həmişəki kimi ağır zərbə vuran antiiran sanksiyaların döndüyünü xəbər verib.
Brüssel, adəti üzrə, dostcasına hiddətlənib və deyib ki, sazişi saxlamaq üçün hər şeyi edəcək, amma Vaşinqtonun iştirakı olmadan bunu necə etməyin mümkünlüyü o qədər də aydın deyil. Bir də Trampın adaşı, Avropa Şurasınn sədri, amerikalı həmkarını şıltaq eqoist adlandıran və onu özünü dost kimi deyil, düşmən kimi aparmaqda ittiham edən Donald Tusk daha möhkəm “küsüb”. Lakin Ağ Evin birtərəfli hərəkətlərindən sonra Avropa Birliyinin qarşıdurma təcrübəsi pıçıldayır ki, Avropanın bütün “müqaviməti” söz hədəsiylə də bitəcək , çünki cazibədarlığına baxmayaraq, İran bazarı Amerikanınkıyla heç cür tutuşdurmağa gəlmir. Ən azı, təəssürat yaranır ki, Avropa biznesi məhz bu cür baxış nöqtəsinin tərəfdarıdır. Əks halda ABŞ-ın İrana qarşı sanksiyaları hələ rəsmən elan edilməmişdən bir neçə ay qabaq Köhnə Dünya şirkətlərinin Amerika hökumətiylə anlaşılmazlıqlardan yayınmaq xatirinə İranda artıq öz fəaliyyətlərini yığışdırmağa başladığını izah etmək olmur. İrana qarşı sanksiyaların dönüşünə ilk reaksiya verənlərdən biri Tehranla geniş əlaqələri olan gəmiçilik sektoru olub. Planetin iki ən böyük konteyner daşıyanı – MSC və Maersk Line bildirib ki, dəyişən durumla bağlı İranda öz fəaliyyət planlarını yenidən nəzərdən keçirir. Təbii ki, ABŞ sanksiyaları nəzərdə tutulur. Deməli, “Maersk Tankers” artıq İİR-də əməliyyatlara müqavilə bağlamağı tərgidib. Şirkət qüvvədə olan bütün müqavilələri noyabrın 4-ədək qapamaq niyyətindədir. ABŞ Maliyyə Nazirliyinin bəyanatından çıxdığı kimi, sanksiyalar iki mərhələdə tətbiq ediləcək: 6 avqustda və 4 noyabrda.
Danimarkanın “Torm” gəmiçilik şirkəti də İranda bütün biznesini qapadıb, özü də bunu artıq indi, yəni payızı gözləmədən təcili edib.
Avropanın daha bir nəhəngi – iqtisadiyyatın ən müxtəlif sektorlarında işləyən “Siemens” artıq xeyli illərdir Tehrana neft və qaz hasilatı üçün avadanlıq tədarük edir. “Siemens” də işarə vurub ki, iranlı müştərilərdən yeni sifarişlər almağı dayandırıb, amma ümidini ifadə edib ki, siyasətçilər durumu necəsə düzəldərlər. Bu haqda CNN-ə “Siemens”-in baş müdiri Co Kezer məlumat verib.
Fransanın “Cənubi Pars” böyük qaz yatağını işləyən neft-qaz nəhəngi “Total” da İranı tərk etməyə hazırlaşır. “Total” ora artıq 50 milyon dollara yaxın yatırıb. Fransızlar gizlətmirlər ki, Vaşinqtonu hirsləndirmək istəmirlər. 2 milyard dollar dəyərində layihə təhlükə altındadır, amma bu itkilər də ABŞ Maliyyə Nazirliyinin sanksiyaları pozanlara qoya biləcəyi cərimələr və digər nəticələrlə müqayisədə sönük görünür.
Məsələn, ən güclü təhlükələrdən biri ABŞ maliyyə sistemindən “təcrid”dir. Bu təhlükə bir çox böyük şirkətlər üçün hətta milyardlarla cərimədən daha qorxuludur. Məsələn, “Total”ın maliyyə tarnzaksiyalarının 90%-dən çoxu Amerika banklarından keçir. “Total”da dərin ümid ifadə ediblər ki, Vaşinqton onlar üçün istisna edəcək, amma buna ümid çox azdır.
Yəqin ki, birgə layihənin səhmlərinin “Total”a məxsus 50,1%-i onun tərəfdaşlarına – Çinin CNPC və İranın Petropars şirkətlərinə keçəcək.
Hazırda Avropanın başqa nəhənglərindən, məsələn, bu ölkənin nüvə proqramı üzrə saziş bağlanandan və beynəlxalq sanksiyalar götürüləndən sonra burada fəal şəkildə işləyən “Volkswagen” və “Airbus”dan da əməkdaşlığın dondurulması və İrandan getmək haqda oxşar bəyanatlar gözləyirlər.
Avropada səhvsiz anlayırlar ki, Vaşinqtonun Tehran haqda mövqeyinin yumşalmasına və yaxud amerikalıların Avropa şirkətlərinə sanksiyaları pozmağa icazə verəcəklərinə ümid etmək nə qədər sadəlövhlükdür. Kimdəsə son ümidlər qalmışdısa,Con Boltonun bazar günü bəyanatından sonra, yəqin ki, buxarlanıb. Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri xəbərdarlıq edib ki, Avropa şirkətləri Tehranla ticarəti və əməkdaşlığı sürdürsə, ABŞ onları cəzalandıra bilər.
Yumşaq deyilsə, İrana münasibətdə pis ad çıxarmış Bolton CNN-ə müsahibədə açıq bildirib: “Düşünürəm ki, avropalılar bizimlə birgə hərəkət etməyin onların marağında olduğunu anlayarlar”.
pia.az
Digər xəbərlər
loading...