Məzhəb ayrılığı, siyasi baxışlar dini mövzuya da təsir edir
Xəbər verdiyimiz kimi, Azərbaycanda Ramazan ayının, yəni orucluğun birinci günü mayın 17-nə təsadüf edəcək. Bununla bağlı mayın 15-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası toplantı keçirərək fətva verib.
QMİ-nin fətvasında qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək. Mayın 16-sı axşam niyyət gecəsi olacaq.
Ancaq bu il də Ramazan təqvimi ilə bağlı ixtilaflardan qaçmaq mümkün olmayıb. Məlum olub ki, bu il qonşu Türkiyədə Ramazan ayı mayın 16-da başlayıb. İranda isə mayın 17-si Ramazanın ilk günü elan edilib. Bu səbəbdən də azərbaycanlıların bir qismi QMİ-yə deyil, Türkiyənin dini qurumlarının elan etdiyi təqvimə əsasən oruc tutmağa başlayıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa mayın 16-da oruc tutub. Deputat modern.az saytına deyib ki, insan hürdür, istədiyi seçimi edə, öz idarəsi çərçivəsində qərar qəbul edə bilər.
Sitat: “Kim istəyir bu gün oruc tutsun, kim istəyir sabah. Hesab edirəm ki, Azərbaycanda irançı zehniyyətə sahib olmayan insanların böyük əksəriyyəti bu gün oruc tutur. Biz daha çox türk istiqamətində düşünən insanlar olduğumuza, o cümlədən qidalanma ilə əlaqəli Türkiyə proqramlarını izlədiyimizə görə bu məsələdə onlarla paralel hərəkət edirik. Bildiyiniz kimi, Azərbaycanda dini maarifçilik istiqamətində heç bir ciddi iş aparılmır. Televiziyalarımız daha çox dini cəhalətin, nadanlığın, xurafatın yayılması, başı ziyarətgahlara sürtməyin, gedib orada qurban kəsməyin, imamzadələrin təbliği və s. istiqamətdə fəaliyyət göstərirlər. Bütün bunlar İslam dini ilə uzlaşmayan məsələlərdir. Bu, Azərbaycana aid bir İslamdır və gerçək dinlə ciddi əlaqəsi yoxdur”.
Ancaq məsələ ondadır ki, QMİ Ramazan təqvimini Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamasına əsasən tərtib etdiyini bəyan edib. Lakin görünən odur ki, bu açıqlama heç də hamı tərəfindən inandırıcı qəbul olunmur. Məsələ ondadır ki, bu mövzu demək olar, hər il eyni şəkildə təkrarlanır. Məzhəb ayrılığı, siyasi baxışlar dini mövzuya da təsir edir və nəticədə bu cür kəskin fikirlərlə ifadə olunan vəziyyət yaranır. Əslində isə bu mövzunun ölkə və ya siyasi qərarlarla ciddi əlaqəsi yoxdur.
Məsələn, Türkiyədə əsas dini qurum hesab olunan Diyanət Başkanlığı Ramazan ayı və digər İslam dini ilə əlaqəli hicri günlərlə bağlı təqvimi Qəndilli Rəsədxanasının məlumatlarına əsasən hazırlayır. Türkiyədə Qəndilli rəsədxanası, Azərbaycanda isə Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən.
Qeyd edək ki, yeni başlayan ayın müəyyən olunması şəriət qanunlarında müəyyən olunan ayı təyin etmə qaydalarla izah olunur. Bir sıra islam məzhəbləri, xüsusən də şiə-cəfəri məzhəbi Qəməri təqvimlə yeni ayın daxil olmasını müəyyən etmək üçün yeni doğan ayın (hilal) görünməsi şərtini irəli sürür. Yəni cəfəri məzhəbinə, eləcə də Səudiyyə Ərəbistanı kimi ölkələrdə Quranda bildirildiyi qaydada insan özü və ya şəriətdə müəyyən edildiyi kimi etibar etdiyi şəxslər və ya bütövlükdə yaşadığı şəhər ayın gördüyü təqdirdə yeni ayı başlanması sübuta yetirilmiş hesab olunur.
Ancaq eyni zamanda bir sıra müsəlman ölkələrində artıq müasir texnoloji yeniliklərdən istifadə etməklə ayın başlanmasını müəyyən edirlər. Bu zaman gözlə görmək şərti qüvvədən düşür. Bu mövzuda mübahisələr uzun illərdir davam edir və təəssüf ki, müsəlman dünyası ortaq Ramazan təqvimi və ya ən azı uyğun coğrafi bölgələr üçün təqvimlər hazırlamaqla bağlı razılaşma əldə edə bilmirlər. Burada xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, coğrafi qurşaqlara görə Ramazan ayının yer planetinin bir nöqtəsində başqa bir nöqtəsinə nisbətən bir gün fərqli olması mümkündür. Misal üçün, qərb yarımkürəsi ilə şərq yarımkürəsi arasında təqvim fərqi mümkün olsa da, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrdə təqvim fərqlərinin ortaya çıxması daha çox dini görüşlərdəki fərqlərlə izah olunur. Bunu fotolardan da görmək mümkündür.
Məsələ ondadır ki, həm Ramazan ayının başlaması, həm də aylıq ibadət vaxtları ilə bağlı dini təqvimlərin hazırlanmasındakı bu pərakəndəliyi hələlik nə Azərbaycanda, nə də ümumilikdə müsəlman ölkələrində aradan qaldırmaq mümkün olmayıb. Doğrudur, müsəlman ölkələrində bununla bağlı müəyyən çağırışlar və görüşlər keçirilib. Ancaq ortada olan yanaşma fərqləri bu cür texniki məsələləri aradan qaldırmağa imkan vermir.(“Yeni Müsavat”)
Digər xəbərlər
loading...