İrəvanda siyasi hərarət yenidən artır; ekspert: “Paşinyan ya öncəki ”qaydalara" uyğun siyasət aparmalıdır, ya da qısa zamanda postunu təhvil verməlidir..."
Ermənistanda küçə hərəkatı dalğasında hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanı yaxşı perspektiv gözləmədiyi barədə ehtimalların gerçəkləşməsi üçün deyəsən, çox gözləmək lazım gəlməyəcək. Hər halda Paşinyanın baş nazirliyinin ilk on günlüyündə İrəvanda davamlı aksiyaların keçirilməsi bundan xəbər verir.
Aprel-may aylarında gərginliklərin mərkəzinə çevrilən Ermənistan paytaxtında etirazlar lokal da olsa, davam edir. Mayın 15-də fabrik işçiləri ayağa qalxmışdısa, mayın 16-da İrəvandakı “Nairit” zavodunun keçmiş və indiki işçiləri Ermənistan baş nazirinin iqamətgahı önündə etirazlara başlayıblar. Eirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edib. “Biz istəyirik ki, hökumət ağır vəziyyətdən xəbərdar olsun”, - zavodun keçmiş direktoru Karen İsraelyan deyib. Aksiya iştirakçıları bildirib ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, “Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar. Baş nazirin nümayəndələri 3 nəfər aksiya iştirakçısını hökumət iqamətgahına dəvət edib. Onları kimin qəbul edəcəyi ilə bağlı məlumat verilməyib. Axar.az xəbər verir ki, paralel surətdə İrəvanda daha geniş kütləvi aksiya keçirilir. Yolları bloklayan, meriya binasına girən aksiyaçılar merin istefasını, hazırda məhkəməsi gedən “Sasna Çrer” silahlı qruplaşması üzvlərinin azad olunmasını tələb edirlər.
Xatırladaq ki, sözügedən qruplaşma 2016-cı ilin aprel döyüşlərindən sonra polis alayına silahlı hücum etdiyi üçün cəzalandırılıb. Bu aksiyalar lokal xarakter daşısa da, onların hansısa gizli mərkəz tərəfindən idarə edildiyi barədə təxminlər var. Erməni və rus ekspertləri də vaxtaşırı bildirirlər ki, Paşinyan Kremlin Ermənistandakı planlarını pozduğu üçün gec-tez cəzasını alacaq. O, deputat olduğu dönəmdə qatı Rusiya əleyhdarı kimi çıxışlar edib və Ermənistanın Rusiya asılılığından xilas edilməsi istiqamətində səy göstərib. Sözsüz ki, Kremldəkilər bunu da unutmayıb. Odur ki, N.Paşinyanın ilk Rusiya prezidenti Vladimir Putinlə görüşünün onu xilas etməyəcəyini söyləmək olar. Əksər müşahidəçilərə görə, Paşinyan bu görüş zamanı forpost ölkənin hökumət başçısı olaraq, sadəcə, ağasından təlimatlar və xəbərdarlıqlar alıb. Hətta onun Putinə Azərbaycana silah satışı ilə bağlı xatırlatmasına da ciddi önəm verilmədiyi bəllidir.
Bu arada rusiyalı politoloq Sergey Markovun Soçi görüşündən sonra İrəvan-Moskva əlaqələrində mümkün dəyişiklikləri şərh edərək səsləndirdiyi fikirlər diqqət çəkir. “Hamı üçün maraqlıdır ki, Paşinyan əsl inqilabçıdır, yoxsa özünü inqilabçılığa vuran sistemli siyasətçi? Deyildiyi kimi, o, qərbyönlüdür, yoxsa əksər Ermənistan əhalisi kimi tamamilə rusiyayönlü? Hər halda, o, birinci səfərini məhz Rusiyaya etdi. Ancaq Viktor Yuşşenko (Ukraynanın sabiq prezidenti, ”narıncı inqilab"ın lideri - red.) və Mixail Saakaşvilinin (Gürcüstanın eks-prezidenti, “qızılgül inqilabı”nın lideri - red.) də ilk səfərlərin məhz Rusiyaya etmişdilər. O vaxt Ukraynada da, Gürcüstanda da əhalinin böyük hissəsi rusiyameylli idi. Əslində elə o üzdən də Yuşşenko və Saakaşvil dərhal Rusiyaya uçdular ki, xalqı sakitləşdirsinlər: yəni Moskva ilə münasibətlər pisləşməyəcək". Göründüyü kimi, Markov Paşinyana gürcü və ukraynalı “məxməri inqilab” liderlərinin taleyini xatırladıb. İrəvanda yaşananlar da bu xəbərdarlıqların boşuna olmadığını deməyə əsas yaradır.
“Sputnik Ermənistan” yazıb ki, onlarla etirazçı İrəvan meriyasının binasına daxil olub. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər. Meriyaya daxil olan etirazçılara aktivist Vaçe Qəribyan rəhbərlik edib. Meriya ilə bərabər, İrəvanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar “Sasna Çrer” qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər. Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə 16:00-dan etibarən etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar. Paşinyanın başlatdığı inqilab da əvvəlcə ictimai radionun binasına basqından başlamışdı.
Bu mənada Ermənistan paytaxtında hər an “fors-major” hadisələrin baş verməsi və bu dalğanın Paşinyanı da öz ağuşuna alması mümkündür. Fakt budur ki, Ermənistan parlamentində hələ də Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçı partiyanın üzvləri əksəriyyət təşkil edir və yeni seçkilərin vaxtı bəlli deyil. “Qarabağ klanı” Rusiyanın da dəstəyini alıb, aralıq müddətdə yeni hökuməti devirmək üçün hərəkətə keçə bilər.
Siyasət meydanında piyada olan Paşinyan da S.Sərkisyanın təcrübəsindən yararlanmağa cəhd göstərir. Belə ki, sələfləri kimi ilk olaraq Qarabağa gəlib sərt ritorika ilə çıxış edən N.Paşinyan indi də təbliğatda müharibə amilini önə çıxarıb ictimai rəyi daxildəki proseslərdən yayındırmağa, hakimiyyətdə möhkəmlənməyə çalışır. Elə iki gün əvvəl Ermənistan silahlı qüvvələrinin Baş qərargahının rəisi Movses Akopyanın Qarabağa gələrək Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri ilə Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri arasındakı “anlaşmaya” uyğun şəkildə operativ-taktiki təlimlərə rəhbərlik etməsi də eyni ssenarinin tərkib hissəsidir. Bu təlimlərin Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin işə başlamasından bir neçə gün sonraya təsadüf etməsi də diqqət çəkir. Erməni mənbələri iddia edir ki, təlimlərdə bir sıra yeni silahlar da tətbiq edilib.
Bundan əvvəl Azərbaycanın müdafiə naziri ordunun yüksək vəzifəli şəxsləri ilə müşavirə keçirmişdi və təmas xəttində düşmənin hər hansı mümkün təxribatlarının qarşısının alınması üçün tapşırıqlar verilmişdi. Müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni hakimiyyətinin Qarabağa dair populist bəyanatlarına cavab olaraq xəbərdarlıq etmişdi ki, Azərbaycan ordusu irimiqyaslı döyüş əməliyyatlarına başlamağa tam hazırdır. İndi işğalçı qüvvələrin Azərbaycan ərazilərində Ermənistandan da əlavə hərbi hissələr cəlb olunmaqla keçirdiyi təlimlər də yəqin ki, cavabsız qalmayacaq. Ancaq maraqlısı Ermənistanın məqsədli şəkildə Azərbaycanı savaşa çəkmək cəhdləridir.
“Azərbaycan gözləyir, əgər Ermənistanın müdafiə sistemində boşluq olacaqsa, onda təhlükə arta bilər”. Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, təmas xəttində gərginliyin olması təhlükəsi həmişə var. “1994-cü ildən sonra bu, həmişə aktual olub. Təmas xəttinə texnikanın yerləşdirilməsi, qüvvələrin yerdəyişməsi kimi addımlar isə hərbiçilərin adi, normal işidir”, - deyə o bildirib.
Birmənalı şəkildə demək olmaz ki, hazırkı məqamda Paşinyana aprel döyüşləri kimi bir əməliyyat hava və su kimi lazımdır. Bu savaşın nəticəsinin çox ağır olacağını Paşinyan da bilməmiş deyil. Lakin o da mümkündür ki, Qarabağdakı gərginliyi elə orduda kifayət qədər dayaqları olan S.Sərkisyan, həmçinin elə istefaya getdiyi gündən yeni hökuməti tənqid edən sabiq müdafiə naziri V.Sərkisyan körükləməyə çalışsın. S.Sərkisyan hakimiyyəti uğrunda erməniləri qurban verməyə öyrəncəli adamdır, bunu ötən illərin təcrübəsi sübut edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri hələ gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirməyə çalışır: “Paşinyanın daxili və xarici siyasətdə manevr imkanları məhduddur. Serj Sərkisyan hakimiyyətdən getsə də, onu istefaya məcbur edən Paşinyana zərbə endirməyə məqam axtarır. Paşinyanın daxili və xarici siyasətdə kiçicik səhvi ona baha başa gələcək. Çünki qarşısında böyük güc var. Digər tərəfdən, Putin Soçidə Paşinyana qırmızı çizgiləri izah edib. Əgər Paşinyan həmin qırmızı çizgiləri aşsa, bu, onun hakimiyyətinin itirilməsinə səbəb olacaq. Ona görə də Paşinyan hər dəfə Qərbə baxdıqda arxasında Kremlin nəfəsini hiss edəcək və bu hiss onu bütün hakimiyyəti boyu izləyəcək”.
E.Şahinoğlu bu ərəfədə Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlərin başlanmasını səbəbsiz saymır: “Dağlıq Qarabağda başlanan təlimlər Azərbaycana mesajdır ki, guya müdafiə qabiliyyətləri yüksəkdir. Dağlıq Qarabağda hərbi təlimlər Paşinyanın əmri ilə keçirilir. Çünki Qarabağ separatçıları Ermənistanın baş nazirini xəbərdar etmədən bu təlimlərə başlamazdılar. Bu, o deməkdir ki, Paşinyan Qarabağ məsələsində Sərkisyandan heç nə ilə fərqlənməyəcək. Odur ki, müdafiə nazirimiz Zakir Həsənov sərt açıqlamalarına davam etməlidir”.
Ermənişünas alim Qafar Çaxmaqlı isə qeyd etdi ki, Nikol Paşinyan hakimiyyətə gələn kimi verdiyi bəyanatlar onun siyasətdə naşı olduğunu isbatlayan cəhətlərdir: “Bundan sonrakı vaxtlarda onun naşılığı daha çox üzə çıxacaq. Dağlıq Qarabağdakı separatçı qurumun danışıqlar prosesinə cəlb edilməsini istəyən bu adamın xəbəri yoxdur ki, illər öncə artıq beynəlxalq qurumlar tərəfindən münaqişə tərəfləri müəyyən edilib. Bu, Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması danışıqlar prosesinin hansısa mərhələsində bu prosesə qoşula bilərlər. İndiki halda qondarma qurumun tərəf kimi ortaya atılması təxribatdan başqa bir şey deyil və bu, qəbul edilə bilməz. Bundan öncəki danışıqlar prosesində də bu məsələ Ermənistan tərəfindən dəfələrlə ortaya atılmışdı, amma bunun özü danışıqlar prosesini uzatmaq məqsədi güddüyündən, onu Minsk Qrupunun həmsədrləri də qeyd etmişdilər. ”DQR" deyilən bu qurumun Ermənistan tərəfindən tanınması isə mümkün deyil. Kaş ki, Ermənistan onu tanıyaydı. O zaman bizim əlimizə yaxşı bir fürsət düşə bilər".
Q.Çaxmaqlının fikrincə, Rusiyanın bu məsələdə “qırmızı çizgiləri” var, onu pozan adam cəzalanacaq: “Ermənistanda baş verən bu inqilabi proseslər lazımı, onun istədiyi məcraya düşməsə, Rusiya müdaxilə edəcək. Müdaxilənin də müxtəlif variantları var. Bu, ola bilər ki, cəbhə xəttində məhəlli savaşa da çevrilsin. Amma inanmıram ki, bəzi politoloqların iddia etdiyi kimi, Rusiya Azərbaycanın tərəfinə keçsin. Rusiyanın tərəfi bəllidir, Ermənistan onun strateji müttəfiqidir. Hərbi bazası bu ölkədə yerləşir, hərbi baxımdan Ermənistan Rusiya üçün əvəzsiz ölkədir. Bununla belə, etirazlar dalğası üzərində başa gələn bu adam meydanda verdiyi sözlərini tutmağa çalışsa, böhran daha da dərinləşə bilər. Bu da bizim maraqlarımız baxımından məqbuldur. Mən o fikirdəyəm ki, Paşinyan hakimiyyəti ya öncəki ”qaydalara" uyğun siyasət aparmalıdır, ya da qısa zamanda postunu təhvil verməlidir. Düşünürəm ki, xarici faktorlar bu məsələdə təyinedici rol oynayacaq".
Digər xəbərlər
loading...