Özünü MTN əməkdaşı kimi təqdim edən və vətəndaşları müxtəlif yollarla aldadaraq pullarını mənimsəyən Məlahət Əsgərzadə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, zərərçəkmiş və şahidlər ifadələrində qeyd ediblər ki, Məlahət Əsgərzadə özünü ləğv edilmiş MTN-nin polkovniki kimi təqdim edərək ayrı-ayrı şəxslərə probelmlərini həll edəcəyini, işə düzəldə biləcəyini vəd edərək onlardan müxtəlif məbləğlərdə pul alıb. Lakin həmin qadın verdiyi vədlərə əməl etməyib. Məlahət Əsgərzadə aldadılan şəxslərin şikayətləri əsasında 2015-ci ildə Ucar rayonunda həbs edilib.
O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmə zalına xərəkdə gətirilib. O, həbs edilməmişdən bir müddət əvvəl avtomobil qəzasına düşərək hərəkət qabiliyyətini itirib.
Zərərçəkmiş kimi ifadə verən şəxslərdən biri Məlahət Əsgərzadənin ondan ayrı-ayrı vaxtlarda 6066, 456 və 1500 manat olmaqla ümumilikdə 8022 manat pul aldığını deyib.
Zərərçəkmiş şəxs bildirib ki, M.Əsgərzadə onu səfirliklərdən birinə işə düzəldəcəyinə söz verib.
“Mən iş axtarırdım. Şəxsi maşınımla taksi sürücülüyü ilə məşğul olurdum. Məlahət Əsgərzadə də mənim maşınımdan istifadə edib. Həmin vaxtlar, məni səfirliyə işə düzəldə biləcəyini söylədi. Pulu verdim, amma işə düzəltmədi”- deyə zərərçkmiş şəxs ifadəsində bildirib.
Məhkəmədə zərərçəkmiş kimi tanınan İlqar Süleymanov da ifadə verib. O, Ucar rayonunda taksi sürücülüyü ilə məşğul olduğunu və M.Əsgərzadəni də bu zaman tanıdığını söyləyib.
“Taksi sürürdüm. Dostum Azər Ağayevdən alacağım var idi. Onun mənə borclu olduğu 2850 dollar məbləğində pulu neçə ildi ala bilmirdim. İndi də almamışam. Xəstəmiz olduğuna görə pula çox ehtiyacım var idi. Ancaq 10 illik dostluq etdiyim Azər mənim pulumu vermirdi. Sonradan bu qadını tanıdım. Məlahət Əsgərzadə deyirdi ki, nə problem olsa, həll edərəm. Ona belə bir problemim olduğunu, Azərdən pulumu ala bilmədiyimi dedim. Həll edəcəyini dedi”- deyə İ.Süleymanov sərbəst ifadəsində deyib.
İfadə zamanı məlum olub ki, İlqar Süleymanovla söhbətdən sonra Məlahət Əsgərzadə Azər Ağayevin telefon nömrəsini alıb və ona zəng edib. Hədə-qorxu gələrək Azər Ağayevi şantaj edərək ondan 23 min manat alıb. Həmin alınan puldan 2800 dollar İlqar Süleymanova çatmalı imiş. Lakin Məlahət Əsgərzadə İ.Süleymanovun da pulunu verməyib.
Hadisədən bir müddət sonra İlqar Süleymanov yenidən dostu Azər Ağayevdən pulunu istəyib. A.Ağayev onun pulunu Məlahət Əsgərzadəyə verdiyini deyib.
Zərərçəkmiş kimi tanınan İlqar Süleymanov artıq məhkəməyə gəlmək istəmədiyini və alacağını da istəmədiyini söyləyib: “Mən fəhlə adamam. Gündəlik maaşa işləyirəm. Azərdən də pulumu istəmirəm. Ancaq halallığını da vermirəm. Gedib-gəlməkdən yorulmuşam. Polisə, məhkəməyə nə qədər getmək olar? Xahiş edirəm ki, məni bu işdən xaric edin. Mənim başıma bu oyunu açdı. Onu Allaha tapşırıram”.
Şahid kimi ifadə verən Şahin Balayev Məlahət Əsgərzadəni necə tanıdığını danışıb. O, da taksi sürücülüyü ilə məşğul olduğunu və M.Əsgərzadəni bir neçə dəfə Ucardan Göyçaya maşınla apardığını deyib.
“Onun MTN əməkdaşı kimi özünü təqdim etdiyini bilirdim. Formada da bir dəfə görmüşəm. Ancaq daha çox mülki geyimdə görürdüm. Özünü bütün problemləri həll edəcək şəxs kimi təqdim edirdi”- deyə şahid bildirib.
Hakim Fikrət Qəribov zalda olan Azər Ağayevə bir neçə sual verib. Hakim Azər Ağayevdən təqsirləndirilən Məlahət Əsgərzadə ilə aralarında şəxsi münasibətlərin olub-olmadığını soruşub.
Azər Ağayev Məlahət Əsgərzadəyə “ana” deyərək müraciət etdiyini deyib: “Mən ona barmağımı belə toxundura bilməzdim. Aramızda heç bir münasibət olmayıb. Telefonda belə ona “ana” deyərək müraciət edirdim”.
Hakim Fikrət Qəribov Məlahət Əsgərzadənin istintaqa ifadəsi zamanı Azər Ağayevlə yaxın münasibətlərdə olduğunu, hətta birlikdə yaşadığını dediyini bildirdi.
Onun sözlərinə görə M.Əsgərzadə bu ifadəsini A.Ağayevlə üzləşdirilərkən də təsdiqləyib.
Yenidən çıxış edən A.Ağayev hakimə əvvəl dediklərini inkar edib.
Məhkəmə prosesi sentyabrın 1-də davam etdiriləcək.
Prosesin sonunda təqsirləndirilən M.Əsgərzadə xərəkdə məhkəmə gətirilməsinə etiraz etdiyini və şikayətinin dinlənilməsini istəyib. O, prokurora müraciət etdiyini bildirdi.
Lakin məhkəmədə ona bu məsələ ilə bağlı vəkili vasitəsi ilə rəsmi şəkildə müraciət etməsi, vəsatət qaldırması məsləhət görüldü.
Məhkəmə prosesi başa çatdıqdan sonra zalda olan şəxslər musavat.com-un əməkdaşına bildiriblər ki, Məlahət Əsgərzadə bu əməllərini tək törətməyib. O, ləğv edilmiş MTN-nin yüksək vəzifəli şəxslərinin himayəsində olub.
“Bu qadın özünü elə aparırdı ki, sanki ona heç kim yaxınlaşa bilməz, bata bilməz. Onu himayə edənlər var idi. Böyük işlər də görürdü. Bu işdə ona himayədarları kömək edib. Bunlar bilrikdə çox adama zərər vurublar”- deyə M.Əsgərzadəni tanıyanlar bildiriblər.
Qeyd edək ki, M.Əsgərzadə artıq bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, əvvəllər də müxtəlif vaxtlarda dələduzluq əməlləri törədib. 58 yaşlı qadın sonuncu olaraq isə özünü MTN işçisi kimi təqdim edərək bir neçə nəfəri aldadıb.
MilliYol.Az
Digər xəbərlər
loading...