Çeçen qızcığazın qətlində şübhəli bilinən Çeçenistandan gəlmiş 16 yaşlı qonşu oğlan Robertdir. Bunu jurnalistlərə Vyana polisinin nümayəndəsi Gerhard Haymeder deyib
Xəfiyyələrdə olan məlumata görə, qızcığaz qatili ilə tanış olub, ailəvi dost olublar, buna görə də, Hadişt yeniyetmənin onunla evə gedib dondurma yemək təklifini sakit qəbul edib. O, hamam otağında bıçaqlanıb.
Şübhəli şəxs artıq ifadəsində törətdiyi əməli etiraf edib. Gənc bildirib ki, heç bir motivi olmayıb. “Onun sözlərinə görə, həftə ərzində hirsini toplayıb və bunu kiminsə üzərinə tökmək istəyib”, - Haymeder qeyd edib.
Polis nümayəndəsi vurğulayıb ki, nə Robertin valideynləri, nə onun kiçik qardaşı cinayətin törədilməsində iştirak etməyiblər. Cinayət törədildiyi vaxt onlar evdə olmayıblar.
Valideynləri Hadişti kimin qətlə yetirdiyini yalnız ötən gecə - polis Roberti yaxaladığı vaxt öyrəniblər. Təhlükəsizlik baxımından hakimiyyət nümayəndələri gəncin ailəsini gizlədiblər və hazırda onlar, Haymederin sözlərinə görə, “gizli yerdədirlər”.
* * *
Vyanada 7 yaşlı çeçen qızın qəddarcasına qətlə yetirilməsi bütün Avstriyanı silkələyib. Virtualaz.org xəbər verir ki, ölkənin bütün xəbər telekanalları bu dəhşətli cinayət barədə reportajlar verir. Qızı qətlə yetirməkdə şübhəli bilinənlər isə onunla qonşuluqda yaşayan azərbaycanlı ər-arvaddır. Hazırda onlar şübhəli qismində saxlanılıb.
Vyana polisinin mətbuat xidməti bildirib ki, hazırda 7 yaşlı Hadiştin qətlində şübhəli bilinənlər dindirilir. Onların adları açıqlanmır, amma bildirilir ki, Azərbaycandan olan ailənin iki yetkinlik yaşına çatmayan uşağı var. Şübhəlilərin mənzilində axtarış aparılıb, mənzil möhürlənib.
Hadişt mayın 11-də yoxa çıxıb. Ertəsi gün onun cəsədini zibil konteynerində aşkarlayıblar, uşağın kürəyindən endirilən bıçaq zərbəsi ilə öldürüldüyü məlum olub. Qəddar və mənasız cinayət Avstriya sakinlərini şoka salıb. İnsanlar onun yaşadığı evin qarşısında şamlar, oyuncaqlar və güllər düzür.
Uşağın anası Zarema yerli telekanallardan birinə bildirib ki, bu cinayəti törədənlər onlarla bir həyətdə yaşayır. Alman dilində sərbəst danışan qadın deyir ki, övladının qətlə yetirilməsinin səbəbini anlamır, göz yaşları içərisində deyir: “Kim bizə bu qədər nifrət edə bilərdi ki, onu qətlə yetirsin?”
Qadının 17 yaşlı oğlu Rüstəm bacısının yoxa çıxdığını birinci görüb. Ailə binanın birinci mərtəbəsində yaşayır və bu səbəbdən həyətdə oynayan uşaqlarına nəzarət edə bilirdilər. “Mən kiçik bacılarım və qardaşlarım üçün yemək hazırladım, birlikdə nahar elədik. Saat 3 radələrində onlar küçədə oynamağa icazə istədilər, mən də icazə verdim”-o deyir.
Rüstəm bildirir ki, bacısı tez-tez pəncərəyə qaçıb ondan su istəyirdi. “Görəndə ki, xeyli vaxtdı gəlmir, başladım axtarmağa. Qonşu həyətləri də axtardıq, bütün mənzillərin qapısını döydük, heç yerdə tapa bilmədik”-o deyir.
Qızın axtarışlarına polis qoşulub, qonşu həyətlər, evlərin damları axtarılıb. Bir neçə saatlıq axtarışlar nəticə verməyib, polislər səhər tezdən it gətirmək üçün gediblər. Səhər saat 08.30 radələrində həyətə zibildaşıyan maşın gəlib, polis kommunal xidmət işçisinə tapşırıb ki, zibil yeşiklərinə bir daha baxmaq üçün gözləsin. Bir-iki dəqiqədən sonra işçilərdən biri qızın politelen paketə bükülmüş cəsədi ilə rastlaşıb. Ekspertiza göstərib ki, uşaq kürəyindən bıçaqlanıb öldürülüb, seksual zorakılığa məruz qalmayıb.
Hazırda Avstriyanın müxtəlif yerlərindən yüzlərlə çeçen matəm geyimində qızın yaşadığı evə baş çəkir, onun anasına təskinlik verməyə çalışır.(virtualaz.org)
Digər xəbərlər
loading...